İliç yenə özünü yox, futbolçuları günahlandırdı

  • Bu gün, 21:11

Azərbaycan Premyer Liqasının XXVI turunun “Sumqayıt” – “Neftçi” oyunundan (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb.

Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

– Rəqibi təbrik edirəm. Bəzi səhvlərə yola verdik. Bunun nəticəsində məğlub olduq.

– Komanda 10 oyundur, qələbə qazana bilmir. Bu məğlubiyyətlərdə sizin payınız nə qədərdir və istefa vermək haqda düşünürsünüz?
– Mənlə bağlı qərarı rəhbərlik verir. Problem yoxdur. Futbolçulara tapşırıqları veririk. Səbuhiyə başa salırıq ki, mərkəzdə səhv etmək olmaz, amma hər oyun təkrarlanır.

– Belə çıxır, kapitanla baş məşqçi arasında problem var?
– Tək Səbuhi ilə bağlı problem yoxdur. Bu gün Səbuhidir, sabah Murata, sonra Ninkoviç ola bilər. Bir nəfərə deyilirsə, digərləri də başa düşməlidir. “Neftçi” kimi rəqiblər belə səhvləri bağışlamır.

– “Karvan-Yevlax”, “Kəpəz”, “Qəbələ”yə qarşı da yaxşı oyun görməmişik. Bunun arxasında nə dayanır?
– “Kəpəz”lə oyunu izləmisiniz? Buraxdığımız qollara baxmısınız?

– Futbolçular səhv edəcəksə, bəs, baş məşqçi burda nə rol oynayır?
– Çempionatda 4-5 komanda var ki, səviyyə baxımından bizi üstələyir. Səhvlər nəticəyə təsir edir. Biz maksimumuza ötən ilin noyabrında çatdıq. Çempionatın 1-ci yarısında heç kim sual vermirdi ki, niyə belə qələbələr qazanırsınız? Futbolda belə nəticələr olur. Maksimuma çatdıq və irəliləmək üçün addımlar lazım idi. Rəhbərliklə danışdıq, bəzi transferlər baş tutmadı. İndi isə gənclər özlərini göstərməlidir ki, yeni mövsüm əsas heyətdə olsunlar və ya başqa klublara keçə bilsinlər.

– Rəhbərliyi dediniz, futbolçuların səhvlərini bildirdiniz. Bəs, siz baş məşqçi kimi nələri səhv edirsiniz? 
– Məsuliyyətim komandanı hazırlamaq, buraxılan səhvləri çalışmaqdır. Futbolda daha çox səhv edən komanda uduzur. Böyük problemimizdir, asan səhvlər buraxırıq. Sırf buna görə uduzuruq. Məşqlərdə çalışırıq, səhvlər üzərində işləyirik, amma növbəti oyunda yenə bu səhvlər təkrarlanır. “Qarabağ” eyni heyətlə nə qədər uzağa gedə bilər? Rotasiyalar lazımdır…

– Səbuhi Abdullazadə sanki oynamaq istəmir. Onu meydana buraxmaq nə dərəcədə düzgündür?
– Mənim üçün inanılmazdır. Çünki mən də futbolçu olmuşam. Başa düşə bilmirəm ki, necə oynamaq istəməyə bilərsən? Bu, anormal bir şeydir. Səbuhi bu klubun yetirməsidir. Onun oynamaq istəmədiyinə inanmıram.

– Azarkeşlər sizinlə bağlı problem görmür, onlar da futbolçuları günahkar sayır. Rəhbərlik yeni müqavilə təklif etsə, qərarınız necə olar?
– Nəticə qazanmaq istəyirsənsə, hamı bir olmalı, bir strategiya üçün çalışmalıdır. Demirəm ki, bütün səhvlər futbolçularn üzərinə düşür, hamının səhvləri var. Futbolçuların səhvi mənim də səhvim deməkdir. Yeni müqavilə haqda danışmaq istəmirəm. İndi bunun vaxtı deyil.


Paylaş: