
Elmar Baxşıyev: "Nəticə önəmli deyil"
"Rəqibimizin nəyə qadir olduğu haqda məlumatlı idik. Ona görə də bütün futbolçuları sınamaq və oyun ritminə gətirmək istəyirdik".
Sportlife.az xəbər verir ki, bu sözləri Ərzurumda “Bayburtspor”la yoxlama oyunu keçirən və 14:0 hesabı ilə qələbə qazanan “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev klubun rəsmi saytına açıqlamasında deyib.
Toplanışın gedişatı barədə məlumat verən mütəxəssis Türkiyə klubu ilə oyunda hər kəsin istəkli olduğunu diqqətə çatdırıb: “İyulun 6-dan hazırlığımızı Ərzurumda davam etdiririk. Gün ərzində 2 məşq keçirik. Futbolçular günün birinci yarısında fitnes-zalda hazırlaşırlar, ikinci məşqi isə meydanda reallaşdırırlar. Bu, ilk yoxlama oyunumuz idi. Əlbəttə, məqsədimiz yeni futbolçuların komandaya uyğunlaşması, xətlərarası əlaqənin yaxşılaşdırılması idi. Bu cür oyunlarda nəticə yox, meydana çıxan futbolçuların verilən tapşırıqları nə dərəcədə icra etməsi önəmlidir. Rəsmi oyuna qədər olan müddətdən maksimum istifadə etmək və hazır olmaq istəyirik”.
Qeyd edək ki, Naxçıvan klubu iyulun 11-də “Alanyaspor”, 17-də isə “Trabzonspor”la üz-üzə gələcək. Komanda UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Aris”lə (Yunanıstan) qarşılaşacaq. İlk oyun iyulun 24-də “Liv Bona Dea Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra səfərdə olacaq.