
İsgəndər Cavadov: "Uşaq futbolunda problemlər var"
AFFA-nın rəhbərliyi və RFF İB-nin təşkilatçılığı ilə 2010/2011-ci il təvəllüdlü futbolçulardan ibarət regionların yığma komandaları arasında keçirilən Region Kubokunda A qrupunun oyunları davam edir.
Sportlife.az xəbər verir ki, II turun matçları Tovuz şəhər stadionunda baş tutub. Oyunları izləmək üçün RFF İB-nin prezdienti İsgəndər Cavadov və baş mütəxəssisi Füzuli Nəcəfov, Şimal Qərb RFF-nin prezidenti Rövşən Əhmədov da Tovuza səfər ediblər. RFF İB-nin prezidenti İsgəndər Cavadov Qərb Regional Futbol Federasiyasının rəsmi səhifəsinə açıqlama verib:
“Bütün oyunları yaxından izləyirik. Bu gün də Tovuzdayıq. Qərb Regional Futbol Federasiyasının rəhbərliyi də bizimlə birlikdədir. Bu işləri həyata keçirmək futbolumuzun inkişafı üçün çox vacibdir. Məqsədimiz regionlarda kütləviliyə nail olmaq, daha çox istedadı üzə çıxarıb futbolumuza qazandırmaqdır. Bütün region yığmalarının iştirakı ilə keçirilən bu turnirdə uşaqlar futbol oynamaqla yanaşı digər şəhər və rayonlara səfər etməklə ölkəmizin bütün bölgələrinin necə inkişaf etdiyinin şahidi olurlar. Qərb zonası hələ SSRİ dövründən futbol bölgəsi kimi tanınır. Buradan onlarla adlı-sanlı futbolçu çıxıb. İlk növbədə keyfiyyətli iş görmək üçün maliyyə dəstəyinə ehtiyac var. Regional federasiyalara həm şərait həm də maliyyə dəstəyi lazımdır ki, qarşıya qoyulan tapşırıqları nöqsansız yerinə yetirsinlər. Artıq bu işə başladıq. AFFA rəhbərliyi də bölgə futbolunun inkişafı üçün dəstək verir. Bunun üçün AFFA-nın prezidenti Rövşən Nəcəfə və baş katib Cahangir Fərəcullayevə təşəkkürümzü bildiririk. 12 il idi ki , belə yarışlar keçirə bilmirdik. Dediyim kimi artıq AFFA da bu işdə dəstəyini əsirgəmir. İşləri daha da intensivləşdirməliyik, daha çox turnirlər keçirməliyik. Bu haqda AFFA rəhbərliyinə də məlumat verəcəyik. Əsas başlamaq idi. Çalışacağıq ki, növbəti dəfə daha əhatəli və daha böyük yarışlar təşkil edək. Uşaq futbolunda müəyyən problemlər var. Bütün regionlarda, belə tədbirləri keçirmək istəyirik. Bununla da minlərlə uşağı bir araya gətirib inkişaflarına nail ola bilərik. Kütləviliyə nail olduqca seçim imkanları da çoxalacaq. Belədə bütün liqalara və milli komandalara xeyli sayda futbolçu vermək şansımız da çoxalacaq. Pillə-pillə bütün planlarımızı həyata keçirməyi hədəfləyirik”.