20 Sentyabr 2023, 13:20
Azərbaycan karateçiləri dünya çempionatında medallar qazandılar

Azərbaycanın uşaq, yeniyetmə və böyüklərdən ibarət karateçiləri Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan 13-cü dünya çempionatında uğurlu çıxış ediblər.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Sportlife.az-a verilən məlumata görə, Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda Türkiyə, Özbəkistan, Qazaxıstan, Almaniya, İtaliya, İspaniya olmaqla 34 ölkədən 3500-dən çox idmançı qüvvəsini sınayıb.

Yarışda Azərbaycan yığması və FHN-nin karate üzrə komandasının 4 üzvü - Nicat Kərimli (75 kq), Yavərbəy Abdullayev (+84 kq), Səbinə Fərzəli (59 kq) və İlqar Ələkbərov (84 kq) yüksək nəticələr əldə ediblər.

Kərimli, Abdullayev və Fərzəli kumite yarışlarında 4 döyüş keçirərək bütün rəqiblərinə qalib gəliblər və fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Komandanın digər üzvü, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, mayor İlqar Ələkbərov kişilər arasında komanda kumite yarışlarında qızıl, şəxsi kata yarışlarında isə bürünc medala sahib olub. Qaliblərə Dünya Şotokan Karate Federasiyasının medal və sertifikatları təqdim edilib.

Nicat Kərimli, Yavərbəy Abdullayev və Səbinə Fərzəlinin şəxsi məşqçiləri 6-cı dan qara kəmər sahibi Akif Kərimov, komanda üzrə məşqçi isə karate üzrə ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, FHN-in İdman-sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayevdir.

FHN-in İdman-sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev çempionatda uğur qazanmış idmançılar ilə görüşərək qazandıqları nailiyyətlərə görə onları təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, Nicat Kərimli bu ay Dünya Karate Federasiyasının təşkilatçılığı ilə Kiprin Larnaka şəhərində keçiriləcək “Karate1 Series A” turnirində çıxış edəcək.