
"Ciddi addımlar atmalıyıq"
Azərbaycan Premyer Liqasının XXXIV turunun “Turan Tovuz” – “Neftçi” oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov mətbuat konfransında fikirlərini bölüşüb.
Sportlife.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
– İddiası olmayan komandanı oyunlara kökləmək çətin deyil?
– Əlbəttə, çox çətindir. Həm də itkilərimiz ola-ola. Amma çətinliklər çox rastımıza çıxıb. İstəmirəm ki, kimdəsə bizimlə oyuna çıxanda rahatlıq olsun. “Neftçi”nin adı hər şeydən üstündür.
– Növbəti mövsümlə bağlı azarkeşlərə hansı vədlər verə bilərsiniz?
– Planlar cızırıq. “Neftçi” azarkeşlərinə söz deməyə ehtiyac yoxdur. Onlara o qədər vədlər verilib ki. Oyunumuzla hər şeyi göstərməliyik.
– Əgər mövsümün əvvəlində “Neftçi”nin baş məşqçisi təyin olunsaydınız, sizcə, vəziyyət fərqli ola bilərdi?
– Bəlkə bundan da pis olardı. Keçmiş keçmişdə qaldı. Yaxşı gələcəyə doğru getməyə çalışacağıq.
– Bu gün meydana 3 hücumçu buraxmışdınız. Onların oyunu haqqında nə deyə bilərsiniz?
– Məcburiyyətdən deyildi. Hündürboylu oyunçuları meydanda saxlamaq istəyirdik. Rəqibin oyun üslubu hamıya bəllidir. Hücumçularımız çox yaxşı oynadılar. Rəqibin müdafiəsinə təzyiq göstərdilər.
– Aleks sanki komandaya uyğunlaşa bilmir. Bunun səbəbi nədir?
– Biz gətirdiyimiz oyunçudan dərhal nəsə istəyirik. Aleks bizə çətin vaxtda qoşulub. Onun kimi futbolçulara səbrlə yanaşmalıyıq. Keyfiyyəti, ustalığı bəllidir. Məncə, düzələcək.
– Belə iddialar var ki, “Neftçi”də yeni mövsüm üçün seleksiya üzrə məşqçilər qrupu yaradılacaq. Bu, sizin işinizi nə dərəcədə asanlaşdıracaq?
– Çox asanlaşdıracaq. Ciddi addımlar atmalıyıq. Bunun üzərində işləyirik. Sağ olsun klub rəhbərliyi, şərait yaradır.