Abubakar gəldi, "Neftçi"də ab-havanı dəyişdi

  • 27 Oktyabr 2025, 14:47

Azərbaycan Premyer Liqasında IX turun son oyun günü Azərbaycan futbolunda unudulmaz tarixlərdən biri kimi yaddaşlarda qalacaq. Bu,  hansısa səriştəsiz hakim idarəçiliyinə, buna bənzər neqativ hadisəyə görə və ya "Qarabağ"ın UEFA Çempionlar Liqasında "Benfika" kimi Portuqaliya nəhənginə səfərdə qalib gəlib, Suraxanıda "Şamaxı" ilə heç-heçə oynamasına görə yox, "Neftçi"nin yeni ulduzu Vensan Abubakarın Azərbaycan Premyer Liqasında debüt etməsinə görədir. 


"Ağ-qara" azarkeşlərlə yanaşı tərəfli-tərəfsiz bütün futbolsevərlərin səbirsizliklə gözlədiyi an Qəbələdə yaşandı. Yerli komanda ilə oyunun 70-ci dəqiqəsində əvəzetmədən meydana daxil olan kamerunlu səviyyəli hücumçu nədir, necə olmalıdır suallarına 10 dəqiqə ərzində aydınlıq gətirdi. Qısa desək, Abu ab-havanı dəyişdi.

Məşq videolarında komanda yoldaşlarından bir baş üstün olduğu aşkar görünən Abubakar topa 3-cü sehirli toxunuşunda İfeanyi Metyuya baxımlı qol ötürməsi etdi. Əslində  Abubakar üçün debüt oyununda 1 qolun ötürməsi belə kifayət edirdi ki, "Neftçi"li azarkeşlərin alqışlarını qazansın. Lakin o, tək assistlə kifayətlənməyərək 81-ci dəqiqədə dəqiq zərbə müəllifi oldu və paytaxt təmsilçisinin heyətində qol hesabını açdı.

Qışda "flaqman"ın heyətinə cəlb olunan və cari mövsüm "Neftçi"nin əsas forvardı kimi son 2 iki turda "ayağı açılan" 28 yaşlı Bassala Sambunun özündən 5 yaş böyük Abubakarla rəqabətdən üzüağ çıxması inandırıcı görünmür.

Vaxtı ilə Kriştianu Ronaldu (praktiki olaraq heç bir oyuna bərabər çıxmayıblar) İker Kasilyas, Rikardu Kuarejma, Pepe kimi futbolçularla bir komandada çıxış etmiş oyunçunun indi Rza Cəfərov, Murad Xaçayev, Ağadadaş Salyanskiy (siyahını uzatmaq da olar) ilə eyni kollektivdə yer alması hər halda Abubakar üçün taleyin istehzası hesab oluna bilər.

İnanırıq ki, Vensan Abubakar daha əvvəl "Neftçi"yə gələn ulduz futbolçuların aqibətini yaşamayacaq.

Nə 2010-cu ildə Bakı kollektivinin heyətinə qoşulan, Belçika millisində, "Mançester Siti" kimi klubda top qovmuş Emille Mpenzanın 31 oyunda cəmi 9 qolla yadda qalmasını, nə də 2021-ci ilin mart ayında "Neftçi"yə keçən Yaponiya yığmasının və "Milan"ın ulduzu Keisuke Hondanın 7 matçda forma geyinib, daha sonra "yeni çağırış istəyirəm" deyərək komandadan gedişini uğurlu hesab etmək olmaz.

SİRAC


Paylaş: