Riad Rəfiyevin idarəetmə fiaskosu: "Sumqayıt" üçün çıxılmaz böhran

  • 23 Sentyabr 2024, 16:14

"Sumqayıt" bu mövsüm ardıcıl dördüncü məğlubiyyətini aldı. Komanda qeyri-stabil çıxış edir və oyun planı baxımından ciddi problemlər yaşayır. Hücum xəttinin effektsizliyi və müdafiədəki səhvlər komandanı ardıcıl məğlubiyyətlərə sürükləyir. Lakin belə problemlər təkcə meydanda deyil, klubun daxilində də özünü göstərir.

Məğlubiyyətlər silsiləsi, azarkeşlərin narazılıqları və klub daxilində yaşanan gərginliklər Samir Abasovun rəhbərlik etdiyi kollektiv üçün ciddi problemlərə işarədir.

Bu mövsüm “Sumqayıt”ın əsas problemlərindən biri təhlükəli hücum epizodları yarada bilməməsidir. Samir Abasov da bu çətinliklərin fərqindədir və komanda daxilində ciddi qərarlar verməyin vaxtı çatdığını bildirib. Amma ortaya belə sual çıxır: Bu qərarlar komandanı böhrandan çıxarmaq üçün kifayət edəcəkmi?

 

Samir Abasov və Riad Rəfiyev arasındakı gərginlik: Əsas problem bu ola bilərmi?

Klub daxilindəki problemlərin kökü təkcə oyun meydanında deyil. Deyilənə görə, mövsümün əvvəlindən bəri klub prezidenti Riad Rəfiyev və baş məşqçi Samir Abasov arasında soyuqluq hökm sürür. Bu, klubun daxili atmosferinə mənfi təsir göstərir və idarəetmə ilə texniki heyət arasındakı gərginlik meydanda da öz əksini tapır. Əgər komanda rəhbərliyi və məşqçi arasında düzgün bir harmoniya qurulmasa, meydandakı problemlərin həlli daha da çətinləşə bilər.

Komandanın pis vəziyyətdə olmasının digər bir vacib səbəbi kimi futbolçulara maaşların vaxtında ödənilməməsi göstərilir. Bu, oyunçuların motivasiyasına ciddi təsir göstərə bilər. Maddi problemlərin və daxili gərginliklərin mövcud olduğu bir mühitdə uğur gözləmək real deyil. Məhz bu çətinliklər və rəhbərlikdəki problemlər komandanın pis performansına səbəb ola bilər.

Futbolçuların maaş problemi

Bir klub rəhbərinin əsas vəzifələrindən biri futbolçuların maddi tələblərini vaxtında qarşılamaqdır. Lakin "Sumqayıt"ın hazırkı vəziyyəti göstərir ki, Rəfiyev bu sahədə də uğursuzluğa düçar olub. Futbolçuların maaşlarının vaxtında ödənilməməsi meydanda göstərdikləri performansa birbaşa təsir edir. Heç bir peşəkar futbolçu maddi çətinliklər içində oynamaq istəməz. Bu maliyyə problemləri klubun daha da dərinə gedən böhran yaşamasına səbəb olur.

Azarkeşlərin narazılığı artır

Azarkeşlər komandanın son nəticələrindən narazıdır. Çünki bu vəziyyət uzun müddət belə davam edə bilməz və Abasova olan təzyiq hər keçən gün artır. Bəzi mənbələrə görə, Samir Abasova komandanı düzəltməsi üçün vaxt verilib. Amma burada sual yaranır: “Sumqayıt”ın bu dərin böhrana düşməsinin səbəbi təkcə baş məşqçi Samir Abasovdur, yoxsa məsuliyyətin daha böyük hissəsi klub rəhbəri Riad Rəfiyevin üzərinə düşür?

Azarkeşlər artıq klub rəhbərliyinin bu problemi həll edə biləcəyinə inanmır. Hər bir məğlubiyyətdən sonra daha da artan narazılıq azarkeşlərin səbir kasasını daşırıb. Rəfiyevin rəhbərliyi altında “Sumqayıt”ın uğursuzluqlarının davam etməsi, klubun gələcəyinə olan inamı da sarsıdır. Azarkeşlər artıq klubun düzgün idarə edilmədiyini görür və bu da klub rəhbərliyinə qarşı tənqidlərin artmasına səbəb olur. Bu vəziyyət Rəfiyevin istefa verməsi tələblərini daha da gücləndirir.

Riad Rəfiyev vəziyyəti düzəldə bilmir, yoxsa bacarmır?

Baş məşqçi ilə rəhbərlik arasındakı problemlər, futbolçuların maliyyə çətinlikləri və meydandakı pis performans "Sumqayıt"ın bu mövsüm çıxılmaz vəziyyətdə olmasına səbəb olub.  Klubun prezidenti Riad Rəfiyev hələ də problemləri aradan qaldırmaq üçün ciddi addımlar atmır və ya bu addımlar kifayət qədər təsirli deyil. Əgər belə davam edərsə, "Sumqayıt" üçün bu mövsüm daha da çətin keçə bilər.

 "Sumqayıt"da vəziyyətin düzəltməsi üçün təkcə baş məşqçinin taktiki dəyişikliklər etməsi kifayət etmir. Klub rəhbərliyi, xüsusilə də Riad Rəfiyev maliyyə problemlərini həll etməli, futbolçuların motivasiyasını artırmalı və klubdaxili gərginliyi aradan qaldırmalıdır. Əks halda, mövsümün qalan hissəsində də komandanın ardıcıl məğlubiyyətlər yaşaması qaçılmaz olacaq.


Paylaş: