"Bu əməkdaşlıq "Qarabağ"a yerli və qlobal bazarda sponsor marağını artıracaq"
Bildiyiniz kimi, "Qarabağ” məşhur futbol simulyatoru olan “EAFC 25”də yer alacaq.
"Qarabağ"ın Beynəlxalq Münasibətlər üzrə meneceri Vüsal Həsənov bu barədə Sportlife.az-a danışıb:
- EAFC25 ilə əməkdaşlıq necə başladı? Bu əməkdaşlığın təməlində hansı müzakirələr və razılaşmalar dayandı?
- Artıq bir il idi ki, EA şitkəti ilə danışıqlar gedirdi və ötən mövsümün sonunda şirkətlə "Qarabağ" arasında razılaşma əldə olundu.
Başlıca səbəblərdən biri, "Qarabağ"ın son illərdə Avropadakı və ölkə daxilində uğurlu çıxışı sözügedən şirkətin klubumuza maraq göstərməsinə səbəb oldu.
- Bu əməkdaşlığın klubun gəlirlərinə və ya sponsorluq müqavilələrinə birbaşa təsiri gözlənilirmi?
- Klubumuzun buradan təbii ki, maddi qazancı olacaq, ancaq şirkətlər arası razılaşmaya əsasən bu barədə daha ətraflı məlumat verə bilməyəcəm.
Bu addım klubun həm ölkə daxilində həm də ölkə xaricində tanınmasına, azarkeş kütləsinin artmasına, "Qarabağ" brendinin daha da dəyərlənməsinə rəvac verəcək. Davamında bu da "Qarabağ"a yerli və qlobal bazarda sponsor marağının artmasına gətirib çıxaracaq.
- "Qarabağ"ın oyun vasitəsilə daha geniş auditoriyaya çatması üçün əlavə marketinq və PR tədbirləri planlaşdırırsınızmı?
- Klub olaraq bu məsələ gündəmimizdədir. Qarşıdakı qısa zamanda bu yeniliyin daha geniş auditoriyaya çatması üçün müxtəlif planlarımız var.
- Bu əməkdaşlıq gələcəkdə klubun digər beynəlxalq layihələrdə yer almasına səbəb ola bilərmi? Başqa hansı platformalarda klubun təmsil olunmasını planlaşdırırsınız?
"Qarabağ"ı beynəlxalq arenada daha çox tanıdacaq, gücünə güc qatacaq layihələrə qoşulmağa çalışırıq və bu istiqamətdə işlər görülür. Tanınmış klublarla, beynəlxalq idman təşkilatları ilə yaxşı münasibətlərimiz var və onların təcrübəsini araşdırırıq.