"Sabah"ın sabiq baş məşqçisi ilə MÜSAHİBƏ: "İnsan özünə sual verir ki, mən səhvəm, yoxsa rəhbərlik?"

"Sabah"ın sabiq baş məşqçisi ilə MÜSAHİBƏ: "İnsan özünə sual verir ki, mən səhvəm, yoxsa rəhbərlik?"

  • 7 Fevral 2023, 18:00

2019/2020 mövsümündə “Sabah”ı çalışdırmış baş məşqçi Jelko Sopiç Sportlife.az saytına müsahibə verib.

48 yaşlı xorvatiyalı mütəxəssis saytımıza müsahibəsində “Sabah” klubundan ayrılmasının səbəbləri, rəhbərliklə arasında olan münasibət və Azərbaycan futbolu ilə bağlı maraqlı fikirlər səsləndirib.

- Keçmiş komandanızın oyunlarını izləyirsiniz?

- “Sabah”ın oyunlarına baxmaq şansım olmayıb. “Qarabağ”ın bir neçə oyunlarını izləmişəm. Bizdə Azərbaycan çempionatını televiziyadan izləmək mümkün deyil.

- Siz "Sabah"dan ayrıldıqdan sonra komanda daha böyük uğursuzluqlarla üzləşmişdi. Sizcə, o zaman problem nə idi?

- Komandaya gələndən sonra koronavirus pandemiyası başladı. Yaxşı məşğul ola bilmədik. Mən gələnə qədər komandaya cəlb olunan futbolçular yüksək səviyyədə deyildilər. Rəhbərlik məndən nailiyyət tələb edir, “Qarabağ”dan sonra ikinci yerdə olmağımızı istəyirdi. Mən də onlara izah etdim ki, bu oyunçularla mümkün deyil. “Sabah”ın nailiyyət qazanmamasının səbəbi baş məşqçidə yox, keyfiyyətli oyunçularının olmamasında idi.

- “Sabah” sizdən sonra 3 baş məşqçi dəyişdi və Murad Musayevin gəlişindən sonra komanda öz iddiasını ortaya qoya bildi...

- Əvvəl də dediyim kimi bu problem baş məşqçi ilə yox, heyətlə bağlı idi. Fərqli ölkələrdən fərqli oyunçular gətirirdilər, bu isə uğurlu alınmırdı. Murad Musayev gəlişindən sonra transferlərdə yenilik etdi. Yerli və legioner bir neçə yaxşı futbolçu gətirdi. Son 1-2 ildə oyunlarına baxmamışam deyə, dəqiq bir şey deyə bilmərəm.

- “Sabah” hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və avrokuboklara vəsiqə əldə etməyə çox yaxındır. Necə düşünürsünüz, bu komanda ilə Avropada nəticə qazanmaq olar?

- Azərbaycan Premyer Liqasında 2-ci pillədə olmaq “Sabah” üçün yaxşı nailiyyətdir. Lakin Avropa Liqasında oynamaq onlar üçün çətin olar. Orda oynamaq üçün “Sabah”ın keyfiyyətli oyunçuları, strukturları yoxdur.

-  Konkret olaraq klubla yollarınızı  ayırma səbəbiniz nə idi?

- Həmin dönəm koronavirus pandemiyası güclü idi. Kifayət qədər məşq edə bilmirdik, fasilələr çox idi. 5 və ya 6 ev oyunu keçirmişdik. Oyunlara davam etsəydik, ən azı 4-cü pilləyə yüksələ bilə, avrokuboklara vəsiqə qazana bilərdik. Lakin mən komandanı aldatmaq istəmirdim. Dedim ki, o heyətlə nəyəsə nail ola bilmərik, yollarımızı ayıraq.

- Sizin dövrünüzdə büdcənin aşağı olması səbəb olmadı ki uğursuzluğunuza?

- Büdcə cəhətdən problem yox idi. Mən transfer pəncərəsi bağlanandan sonra gəldim. Bir neçə oyunçu gətirmişdilər, mən Davit Volkovu heyətimdə istəyirdim. Məndən 2-3 il sonra, gec də olsa onu transfer etdilər. Elə həmin ərəfədə Volkova təklif göndərdik, lakin başqa klub bizdən daha yaxşı təklif irəli sürdü. Davit də həmin komandanı seçdi. O dönəmdə Volkovun istədiyini versəydik, transfer edə bilərdik.

- Klub rəhbərliyi ilə aranızda problem olduğu deyilirdi. Aranızda nə problem var idi?

- Klub rəhbəliyi ilə heç bir problem yox idi. Narazı olduğum məqam mən gələndə artıq oyunçuların heyətə cəlb olunması idi. Demirəm ki, pis futbolçulardır. Amma Azərbaycan Premyer Liqasında 2 və ya 3-cü yeri tutmaq üçün keyfiyyətə malik deyildilər. Bunu rəhbərliyə həmişə deyirdim. Məndən sonra da uğursuzluq davam elədi. Bu məqamda insan özünə sual verir ki, mən səhvəm, yoxsa rəhbərlik?

- Rəhbərliyin işinizə qarışdığı da deyilir. Bu barədə nə deyə bilərsiniz?

- Heç vaxt mənə gəlib deməyiblər ki, kim oynasın, kim oynamasın. Prezident Maqsud Adıgözəlovla heç bir problemimiz olmayıb. Yaxşı insandır, münasibətimiz qaydasında idi. Mən özüm elə məşqçiyəm ki, nəinki klub prezidenti, heç ölkə prezidenti də gəlib, mənə deyə bilməz ki, filan oyunçunu oynat. Buna şərait yaratmaram. Tək problem gözləntilərinin yüksək olması idi. Mən isə onlara deyirdim ki, bu futbolçularla mən məşq edirəm, potensialları o deyil. Ən böyük problem isə koronavirus oldu. Lakin “Sabah” gənc komandadır, yaxşı rəhbərliyi, büdcələri var.

- İndi çalışdığınız komandaya azərbaycanlı futbolçu dəvət etməyi düşünmüsünüz?

- Düzü, bu haqda düşünməmişəm. Azərbaycan Premyer Liqasını yaxından izləsəm, əminəm ki, bir neçə namizəd tapa bilərəm. Yaxşı oyunçu, yaxşı oyunçudur. Fərqi yoxdur, Azərbaycandan, İtaliyadan, ya da Çindən olsun.

- Azərbaycanda işlədiyiniz müddət ərzində nəyi bəyəndiniz və nəyi bəyənmədiniz?

- Mənə görə, Azərbaycanda hər şey yüksək səviyyədə idi. Mənfi olan tək şey korona dönəmi idi ki, həmin vaxt evdən çıxa, məşq edə bilmirdik.

- "Sabah"da işlədiyiniz dövrdən izlədiyiniz azərbaycanlı futbolçular var?

- O dönəm favorit oyunçum “Qarabağ”da çıxış edən Mahir Əmrəli idi. İndi “Dinamo”da oynayır. Zaqreb klubuna transferi zamanı mənə zəng etdilər, haqqında soruşdular. Mən də müsbət fikirlərimi dedim, parlaq gələcəyi var, sürətli və yaxşı oyunçudur.

- “Sabah”dan ayrıldıqdan sonra Azərbaycandan təklifiniz olubmu?

- Xeyr. Azərbaycandan təklif almamışam. Bir neçə klubdan təklif gəlib, amma Azərbaycandan yox.

 


Paylaş: