İtaliyalı məşqçi Azərbaycanda titul qazanmaq istəyir
"Turnir cədvəlindəki mövqeyimizə önəm vermirik, fikrimizi oyunumuza fokuslamışıq”.
Bu sözləri Sportlife.az-a açıqlamasında qadın voleybolçulardan ibarət “Milli Aviasiya Akademiyası”nın italiyalı baş məşqçisi Covanni Torçio deyib.
O, komandada olan problemlərdən söz açıb: “Bəzi oyunlarda hesabda və setdə öndə olsaq da, sonradan üstünlüyümüzü qoruya bilmirik. Bu baxımdan əskiklər var. Zehni cəhətdən daha güclü olmalıyıq. Lakin ümumi götürsək, komandadan razıyam. Hər bir oyunçu məşqlərdə özünü yaxşı tərəfdən göstərir”.
Onun sözlərinə görə, komandasının çempion olmaq şansı var: “Yaxşı komandamız var. İkinci pillədə qərarlaşsaq da, mövsümün bitməyinə çox var. Şanslardan maksimum yararlanmalıyıq. Mən bura titul və Azərbaycan voleybolunun gələcəyi üçün keyfiyyətli oyunçular yetişdirməyə gəlmişəm. Burada nəsə edəcəyimə inanıram”.
Qeyd edək ki, “Milli Aviasiya Akademiyası” 15 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.