"Bu gün qapıda Tərlan və ya Kamalın dayanmasının heç bir fərqi yoxdur" - Kamal Bayramov

  • 7 Dekabr 2022, 11:30

"Turan Tovuz"un qapıçısı Kamal Bayramovun Sportlife.az saytına müsahibəsini təqdim edirik:

- "Zirə" ilə oyun necə alındı? Səncə, komanda niyə uduzdu? Fiziki baxımdan gücünüz çatmadı, yoxsa diqqətsizlik sizə mane oldu?

- Bilirdik ki, "Zirə" ilə oyun gərgin keçəcək. Zədəli futbolçularımız vardı, oyunu buraxmışdılar. Meydanda olan futbolçularımızın mikro-zədələri vardı. Bunlar meydanda güclərini ortaya qoymağa imkan vermirdi. Belə bir amillər oyunumuza təsir edirdi. Fiziki baxımdan problemimiz olduğunu düşünmürəm. Uşaqlar 90 dəqiqə mübarizə apardılar. Diqqətsizlikdən qollar buraxdıq. Gənc futbolçularımız var, təcrübəsizlikdən irəli gəlir. Bu gün gənc futbolçuların oynaması gələcək üçün yaxşı vədlər verir. 

- Oyunu yaxşı səviyyədə keçirdin, iki qol buraxsan da. Rəqibin sabiq komandan olması sənə motivasiya vermişdi?

- Rəqibin sabiq komandam olmasının xüsusi bir əhəmiyyəti yox idi. Bütün rəqiblərimizə eyni qaydada danışırıq. Meydanda şans verilmişdisə, komandaya maksimum yardım etməyə çalışdım. Çalışdım ki, bu gün baş məşqçi mənə şans verirsə, əlimdən gələnin ən yaxşısını edib, komandaya kömək edim.

- Əksər matçlarda Tərlan dayanırdı qapıda. "Zirə"yə qarşı keçirdiyin oyunla, qurtarışlarla bir nömrəyə çevrilə bilərsən?

- Tərlanın da, Kamalın da hədəfi komandanın uğurudur. Tərlan qapıçı üçün gənc yaşlardadır, 27-28 yaş qapıçı üçün gənc sayılır. Tərlanın yaxşı çıxışları, komandaya köməyi üçün əlimdən gələni edirəm. Çünki gələcək vəd edən qapıçımızdır. Bu gün qapıda Tərlan və ya Kamalın dayanmasının mənim üçün fərqi yoxdur. Əsas vacib olan komandanın uğur qazanmasıdır.

- "Turan Tovuz"un qeyri-stabil çıxışını nə ilə əlaqələndirirsən? Səncə, nəyə görə stabil olaraq uğurlu çıxış etmək alınmır?

- Deməzdim ki, komanda qeyri-stabil çıxış edir. Sadəcə olaraq bizim oyunçu bazamız var və ordan isifadə edirik. Kasad bir bazadır, az sayda təcrübəli oyunçumuz var. Əsasən gənclərdən təşkil olunur. Təcrübəli oyunçularımız sıradan çıxdığı zaman gənclərin oyuna daxil olduğu vaxt oyun praktikası və Premyer Liqa təcrübəsizliyinin əskikliyi hiss olunur. Komanda olaraq mübarizə aparırıq, döyüşürük. Bu gün büdcəmizə uyğun olaraq komandamız var. Uşaqlar da əllərindən gələnin ən yaxşısını etməyə çalışırlar. Bu, "Turan Tovuz"un birinci ilidir. Yuxarı pillələrdə qərarlaşmaq istəyirik. Futbolçularımıza yaxşı motivasiya olar, həm də azarkeşlərimiz üçün. Əsası odur ki, şəffaf, sağlam nizam-intizamı olan kollektivimiz var. Bunu qorumağa çalışırıq. Əsas hədəflərimizdən biri "Turan Tovuz" klubu üçün yaxşı bir binövrə qurmaqdır.

- Ölkə kubokunun 1/4 final matçında "Kəpəz"lə qarşılaşacaqsınız. Komandanın növbəti mərhələ şanslarını necə dəyərləndirirsən? Turun taleyini Gəncədə həll etmək olar?

- Bilirik ki, bizi kubok qarşılaşması gözləyir. Bu gündən etibarən komandanın məşqlərinə start vermişik. Oyun üçün hazırlaşırıq. Gəncəyə yaxşı nəticə əldə etmək üçün gedirik. Bildiyimiz kimi, iki oyun keçirəcəyik. İki 90 dəqiqə maksimum mübarizə aparıb, mərhələni qazanmaq istəyirik. Çalışacağıq ki, yaxşı nəticə əldə edib, azarkeşlərimizi sevindirək. Növbəti mərhələdə "Turan Tovuz" və "Kəpəz" klublarının şanslarını 50/50 dəyərlədirərdim.

- Komandada zədəlilər az deyil. Futbolçuların tez-tez zədələnməsini ot örtüyü ilə əlaqələndirirsən, yoxsa qrafikin sıx olması ilə?

- Bu gün imkanlarımız buna çatırsa, süni örtükdə çıxış etməliyik. Amma bundan daha önəmlisi oyunçu sayımızın az olmasıdır. Müəyyən yüklənmələr zamanı təcrübəli oyunçulara istirahət verib, onların yerinə digər futbolçuları meydana buraxılmalıdır. Bizdə təcrübəli oyunçunun sayı az olduğu üçün eyni futbolçular mikro-zədələri olduğu halda oyunlara davam edirlər. Bu halda da mikro-zədələr böyük zədələrə yol açır.


Paylaş: