"Bu günə qədər çox futbolçunu bağışlamışıq"
"Sabah"ı təbrik edirəm. Onlara uğurlar arzulayıram. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Yaxşı futbol atmosferi var idi. Əvvəlki oyunlar daha bolqollu olmuşdu. Bu gün də yaxşı mübarizə oldu, sonluqlar çatmadı. Daha yaxşı oynamalıydıq, daha yaxşı oynaya bilərdik. Əfsuslar olsun ki, bunu bacarmadıq. "Sabah" qalibiyyəti haqq etdi. Qarşıda sıx qrafikimiz var. Pozitiv notlarla irəliyə baxmalıyıq. Komandanın əvvəlki istəyini, oyun intizamını geri qaytarmalıyıq. Bəzi oyunçuların performansında çatışmazlıqlar var idi. Məşqlər pis getmir. "Sabah"a və bizə uğurlar arzulayıram".
Sportlife.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXVIII turunun "Sabah"la oyunundan (0:1) sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- Bəzi futbolçular, xüsusilə Kadi, Zubir, Kevin Medina meydanda sürüşürdü. Nə ilə bağlı idi?
- Onlara deməmişdim ki, sürüşərsiniz (gülür). Bəlkə onlar olan yer sürüşkən idi. Daha möhkəm dayanmaq lazımdır.
- Elvin Cəfərquliyev, Abbas Hüseynov və Sami Mmae ikinci komandaya göndərilib. Növbəti oyun üçün rəqibləri analiz edirsiniz . Bu qədər yüklənmənin fonunda bezdiyiniz, yorulduğunuz an olur? Özünüzü necə hiss edirsiniz?
- Məşqçi olaraq yorulmağı düşünməli deyiləm. Bəli, bir az çatışmazlıqlar, gərginliklər var. Səbəb olaraq demək stəmirəm. Çempionlar Liqasında yaxşı nəticələr oldu. Yenidən çempionata toparlana bilmədilər, öz tempimizi geri qaytara bilmədik. Burada bəzi səbəblər var. Sıx qrafik var. Sanki daha çox bir yerdə məşq etməyimizə ehtiyac var idi. Amma neçə ay idi 3-4 gündən bir oyuna çıxırdıq. Oyun keyfiyyətimiz əvvəlki kimi deyildi. Səbəb deyil. Bizə mane olan tərəflərdən biridir. İllər boyu bu cür oynamışıq. "Sabah" daha aktivdir, kompleks olaraq daha hazırlıqlıdırlar. Çempionatda get-gedə hamı bir-birini tanıyır. Bir komandaya qarşı bir neçə oyun keçirdikdə, ona qarşı daha inamlı olursan. Çempionatda komandalar öz qabiliyyətlərini yaxşılaşdırılar, biz çempionata istədiyimiz kimi hazır ola bilmədik. Sanki fikir ÇL-ə köklənmişdi. Hər iki cəbhədə öz oyunmuzu qoruyub-saxlaya bilmədik. Görünən odur ki, mən yox, kollektivdə psixoloji olaraq yorğunluq var. Normal haldır. Dünya təcrübəsində də var. Bir məşqçi olaraq, önə pozitiv baxmalıyıq. Çatışmazlıqları aradan qaldırmalıyıq.
- Elvin Cəfərquliyevi bağışlamaq olar?
- Hələ bilmirəm. Bu günə kimi bağışlaya-bağışlaya gəlmişik. Özümüz də bu yolu keçmişik, özümüz də futbolçu kimi səhv etmişik, cərimələnmişik. Bundan nəticə çıxarmışıq. Oyunçular ayrı-arılıqda bu cür rəqiblərə qarşı, bu cür yükün altına girməyi düşünmürlər ki, bizi qarşıda hansı vacib oyunlar gözləyir. Məğlubiyyətdən sonra sənin yaşam tərzin necədir? Çox detallar var. İlk hal deyil, bəzi oyunçuları cərimələmişik. Qarşıdakı gedişata baxacağıq. Çox futbolçunu bu günə qədər bağışlamışıq.
- Elvin Cəfərquliyev demişdi ki, düzəlməsə, onu komandadan göndərəcəksiniz. İndi də əvəzedici heyətdədir. Onun problemi nədir? Nəyə görə bu dəfə belə qərar verdiniz?
- Sevindirici tərəfi odur ki, nə var onu danışıb, onu deyib. Söhbətimiz olmağı, filan... İstənilən futbolçunun arxasındayam. Bu günə qədər olmayıb ki, hansısa futbolçunun inkişafını, yaşam tərzini, gələcəyini düşünməyim. Ən zəif oynayan futbolçunun belə, gələcəyini düşünmüşəm, söhbətləşmişəm. Səbəb olaraq bunu ortaya atmıram. İnsanların müəyyən yaş vaxtı olur, onda futbolçu daha möhkəm, xarakterli olmalıdır. Elvin üçün orada oturma, burada otur, o çağrsın-bu çağırsın... ÇL-də turun oyunçusu oldu. Futbolçulara hər zaman deyirəm, bir oyun o demək deyil ki, missiyan tamamlandı. Bu, "Qarabağ" klubudur. 1-2 oyunda qalib gəlirsən, 1 xal sənə mane olur. O demək deyil ki, ÇL-də 3 oyun yaxşı oynamışam, vacib matçda intizamsızlıq edim. Bağışlanmağa gəldikdə, proses davam edir. Digər klublar məni düzgün başa düşsün, bəlkə hansısa klubda nəyəsə göz yummaq olar. Amma klubun adı "Qarabağ"dırsa, buna göz yuma bilmərik. Cəzalar klubdaxili bir şeydir. Futbol elə oyundur ki, burada stabil olmaq lazımdır. Futbolçularımın əziyyətini yerə vura bilmərəm. Daim özlərinə də bu haqda danışmışam, iclaslarda bildirmişəm. Narahat olduğum nədir? ÇL-dəki uğurları düşünərək, çempionatı belə yola verməli deyilik. Bu gün mən oyundan razı qalmadım. Uduzduğumuz əvvəlki matçdan razı qalmışdım. Bugünkü oyun üçün 4-5 məşq birlikdə etmişdik. Bəlkə oyunçularımı daha da incələməliyəm.
- Sami Mmae "Dinamo"ya geri qayıdıb?
- Onu əvəzedici heyətə göndərmişdik. Klubu ilə razılığa gəliblər. Zaqrebə hələ qayıda bilməz. Razılığa gəldik ki, bizim əvəzedici heyətdə məşq etməyə də bilər. Qarşılıqlı imza atılıb ki bir-birimizə etirazımız yoxdur.
- "Sabah"la kubok oyunundan nə gözləyirsiniz?
- Hansısa dəyişikliklər böyük ehtimalla olacaq. Çox hazırlıqlı komandaya qarşı oynayacağıq. Nələrisə dəyişəcəyik. Sona qədər mübarizə aparacağıq.
- "Qarabağ"ın çempionluğu əldən verməsi azarkeşlərin etirazına səbəb olub. Əsasən də sosial şəbəkələrdə...
- Hansısa etirazı eşitmədim. Əksinə, 89-90-cı dəqiqələrdə azarkeşlərin hamısı dəstək olurdu. Sosial şəbəkələrdə kimlər yazır bilinmir. Bizim azarkeşlərimiz xeyli saydadır, stadiona gələn və gəlməyən var. Daim bizim yanımızda olan azarkeşlərimiz var. Mənə neqativ bir şey gəlib çatmayıb. Azarkeşlərimiz böyük təcrübəyə sahibdirlər. Onların baxış bucağı fərqlidir. Onlar bilirlər ki, 3-4 il uğur varsa, sonra hansısa dəyişiklik ola bilər. Etiraz varsa, bu da normaldır. Hansısa fikir bildirmək niyyətində deyiləm. Hamısı özümüzünkülərdir.
- Bir neçə gün əvvəl doğum gününüz oldu. Özünüzə nə arzu etdiniz?
- Doğum gününə görə özümə nəsə arzu etmirəm. Allahıma şükür etmişəm ki, dünyaya gəlmişəm, yaşayıram. Həmişə sağlamlıq arzulayıram.