Kaxaber Sxadadze: "Bu durum "Qəbələ" üçün faciədir"

  • 28 Aprel 2024, 18:36

"Danışmaq çox çətindir. Qol imkanlarımızı dəyərləndirə bilmədik. Kobud səhvdən qol buraxdıq. Bu, tək bugünkü oyuna aid deyil. Mövsüm ərzində bir çox matçlarda belə olub. Fakt isə faktlığında qalır. Təəssüf ki, sonuncu yerdəyik".

Sportlife.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 32-ci turunda "Kəpəz"ə uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.

Komandası mövsümün sonunda axırıncı yerdə olacağı dəqiqləşən gürcüstanlı mütəxəssis gələcəklə bağlı planlarının dəqiqləşmədiyini bildirib: "Bu gün üçün bir şey deyə bilmərəm. Klub rəhbərliyi ilə yaxşı münasibətimiz var. Gələcəklə bağlı müzakirələr olacaq. 15 il baş məşqçi işləmişəm. Karyeram ərzində 55-60 faiz qələbə göstəricisi var. Amma belə nəticələrlə öz imicimizi aşağı salmış olduq. Qapı xəttindən futbolçu qol vura bilmirsə... İstərdim ki, məsuliyyəti öz üzərimə götürüm. Amma belə vəziyyətdə götürə də bilmirəm. Bura kömək etmək üçün gəlmişdik. Amma nəticə olaraq özümüzü "öldürmüş" olduq".

K.Sxadadze "Sizcə, AFFA "Qəbələ"nin Premyer Liqada qalması üçün idman prinsiplərini pozmalıdır?" sualını belə cavablandırıb: "Federasiyadan gözləntim, istəyim yoxdur. Mən kiməm ki? Baş məşqçiyəm. Qalıb-qalmayacağımla bağlı sual bu gün bilinmir. "Qəbələ"nin növbəti mövsüm harada oynayacağından, şərtlərindən, şəraitindən, klubun ambissiyalarından asılı olan məsələdir. Azarkeşlərdən üzr istəyirəm. Bura çox böyük ümidlə gəlmişdik. Amma bu, baş vermədi. Avropa Liqasının qrupunda oynamış komanda üçün bu durum faciədir".


Paylaş: