
Avropa çempionumuz karyerasını bitirdi
Qadın güləşi üzrə millinin üzvü Elis Manolova idmançı karyerasını başa vurub.
Sportlife.az xəbər verir ki, təcrübəli güləşçi bununla bağlı açıqlama verib:
“Geriyə dönüb baxanda o qədər yarışlar və medallar olub ki, duyğulanmamaq mümkünsüzdür. Əlbəttə, daha bir olimpiya tsiklində güləşmək istərdim. Ancaq illərdir davam edən zədələr güləşməyə imkan vermir. İndiyədək topladığım təcrübəni bundan sonra məşqçi kimi gənclərə ötürmək istəyirəm. Azərbaycan adına güləşdiyim üçün çox xoşbəxtəm. Mən Azərbaycanı ikinci evim sayıram. Bu ölkədə çox gözəl xatirələrim var. Hər kəs üçün darıxacağam. Bakıya yenə gələcəyəm. Azərbaycan Güləş Federasiyasına minnətdaram. Nə yaxşı ki, məni öz sıralarınıza qəbul etdiniz. Mən də sizin bir parçanız idim. Azərbaycan bayrağını yüksəltmək hər zaman böyük qürur idi. Bundan sonra bütün azərbaycanlı güləşçiləri dəstəkləyəcəyəm”.
Qeyd edək ki, 29 yaşında karyerasını başa vuran Elis 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının qalibi olub. İki il sonra Avropa çempionu və dünya üçüncüsü ünvanına sahib çıxan Manolova böyüklər arasında qitə birinciliklərində 5 (1 qızıl, 3 gümüş, 1 bürünc) medal qazanıb.