UFC döyüşçüsü Bakıdakı hərəkətinə görə tənqid olundu

  • Bu gün, 16:17

UFC döyüşçüsü İrina Alekseyeva Bakıda təşkil olunan "UFC Döyüş Gecəsi"ndə Rusiya bayrağını dalğalandırdığı üçün təhqir və təhdidlərlə üzləşib.

Sportlife.az xəbər verir ki, bu barədə rusiyalı idmançı "Matç" telekanalına müsahibəsində deyib.

35 yaşlı döyüşçü Bakı Kristal Zalında keçirilən turnirdə polşalı Klaudiya Siqulaya hakimlərin yekdil qərarı ilə məğlub olub.

"Arenaya Rusiya bayrağı və mahnısı ilə çıxdığıma görə, sosial şəbəkələrdə mənə qarşı nifrət dolu şərhlər və mesajlar yazıldı. Təkcə mənə deyil, ölkəmizə, millətimizə, rus xalqına qarşı çox təhqirlər oldu. Mənim şəxsi məlumatlarım Ukrayna səhifələrində ictimailəşdirildi. Onlar "sizin aranızdayıq, səni tapıb öldürəcəyik" yazırdılar. Rusiya bayrağını əskiyə bənzətdilər. Yemək yediyim yerdə "Bu, sənin sonuncu şam yeməyindir!" mesajını da aldım", - deyə Alekseeva bildirib.

O, azərbaycanlı azarkeşlərdən dəstək gördüyünü də əlavə edib: "Neytral ərazidə olduğum üçün nifrət olunacağımı gözləmirdim. Azərbaycanda məni çox güclü şəkildə dəstəkləyirlər və sevirlər. Bakıda azarkeşlər məni xoş qarşıladılar - bayraqla olub-olmadığımın fərqinə varmadılar və məğlubiyyətimdən sonra yanıma çoxlu azarkeşlər gəldi. Onlar mənimlə şəkil çəkdirib qucaqlaşdılar. Azərbaycanlılardan böyük dəstək var idi, çünki biz qonşu ölkələrik".

Rusiyalı MMA döyüşçüsü sosial şəbəkələrdə baş verənlərə görə Azərbaycanın günahlandırıldığını söyləyib: "Amma mən onları müdafiə edəcəyəm. Azərbaycan çox mehriban ölkədir. Bizə dəstək olurlar".


Paylaş: