
AFFA-nın kommunikasiya iflici və strateji korluğu
AFFA-nın "strateji məntiqsizliyi" davam edir. Santuş Haiti millisini tərifləyir və AFFA-nın onlara "uyğun rəqib" seçdiyini bildirir. Uyğunluq meyarı nədir? Heç kim bilmir. Çünki belə bir meyar yoxdur.
Yoxlama oyunları Dünya çempionatının seçmə mərhələsinə hazırlıq məqsədi daşıyırsa, Haiti və Belarusla oyunlar hansı məntiqlə uyğun ola bilər? Qrupdakı rəqiblər İslandiya, Ukrayna, Xorvatiya və ya Fransa kimi nəhənglərdirsə, o zaman yoxlama görüşləri də bu səviyyəyə uyğun seçilməli idi. İslandiyaya uyğun komanda seçmək istəyirsiniz? Finlandiya, Gürcüstan, Monteneqro kimi ölkələr var. Ukraynaya uyğun rəqib lazımdır? Avstriya, İsveç və Türkiyə göz qabağındadır. Amma AFFA nə edir? Haiti ilə oyun təşkil edir və bunu "hazırlıq" adlandırır.
Bəs problem nədir? Problem AFFA-nın illərdir həll edə bilmədiyi kommunikasiya iflici və strateji korluqdur. Statistika yalan danışmır: 1992-ci ildən bu günə qədər Azərbaycan millisi cəmi 14 Avropa ölkəsinin milli komandası ilə bir dəfədən artıq yoldaşlıq oyunu keçirib. 18 Avropa ölkəsi ilə isə ümumiyyətlə heç bir oyun keçirilməyib. Yəni AFFA üçün Avropa futbol xəritəsi sadəcə 14 ölkədən ibarətdir. Qalan ölkələr isə AFFA-nın futbol diplomatiyasının əlçatmaz "sərhədləri" içindədir.
Digər Qafqaz ölkələrinin milli komandaları Avropa və dünya səviyyəsində yoldaşlıq oyunları keçirir, inkişaf edir, oyun təcrübəsi toplayır. Biz isə Haiti və Belarusla oynayıb inkişaf gözləyirik. Nə üçün? Çünki AFFA-da qorxu sindromu var – güclü rəqiblə oynayıb biabır olmaqdan qorxurlar. Yəni nəticə vermək üçün rəqibin zəif olması lazımdır. Məhz buna görə də Haiti və Belarusla oyun təşkil olunur.
AFFA başqa ölkələrin futbol federasiyaları ilə ciddi əlaqələr qura bilmir. Bu isə artıq peşəkarlıq çatışmazlığı yox, idarəetmə böhranıdır. Futbol diplomatiyasında zəiflik birbaşa meydandakı nəticələrə təsir edir. Biz istədiyimiz qədər müasir taktika və məşq metodlarından danışaq, əgər doğru rəqiblərlə oyun təşkil edə bilmiriksə, nəticə də dəyişməyəcək.
Bu strategiya AFFA-nın illərdir davam edən "görünməz divarıdır". Güclü rəqiblərlə oyunlardan qaçmaq, zəif komandalara qarşı nəticə qazanıb ictimaiyyəti sakitləşdirmək – bu siyasət artıq iflasa uğrayıb. AFFA üçün əsas prinsip "məğlub olmamaq"dır, inkişaf etmək yox.
AFFA-nın hazırkı siyasəti futbol strategiyasına yox, statistik manipulyasiyaya əsaslanır. Zəif rəqiblə oyun təşkil edib "məğlub olmamaq" AFFA üçün "uğur" sayılır. Amma futbol inkişaf üçün risk tələb edir – risk etmədən uğur mümkün deyil.
Haiti və Belarusla oynamaqla Dünya çempionatına hazırlaşmaq futbola qarşı hörmətsizlikdir. Santuşun bu qərarı tərifləməsi isə sadəcə siyasi korrektlikdir. Gerçəklik isə budur ki, AFFA futbol siyasətində hələ də təcrid olunmuş ada vəziyyətindədir. Kommunikasiya yoxdur, rəqib seçimi təsadüfidir, strategiya isə sadəcə kağız üzərindədir.
Bu siyasətlə Azərbaycan futbolu hansısa turnirdə uğur qazana bilərmi? Cavab aydındır: Yox.
Mirələm HƏSƏNLİ