"Bu idmanla məşğul olmaq üçün səbir lazımdır" - MÜSAHİBƏ

  • Dünən, 17:32

MMA üzrə dünya çempionu Sərhəd Quliyevin Sportlife.az saytına müsahibəsi

- İdmanla məşğul olmağa neçənci ildə başlamısınız?

- İdmana 1993-cü ildə başlamışam və bir müddət karate ilə məşğul olmuşam. Hətta bu növ üzrə respublika çempionu adını qazanmışam. 7 il karate ilə məşğul olduqdan sonra əlbəyaxa döyüş növünə keçdim.

- Hansı yarışlarda iştirak etmisiniz?

- 2000-ci ildə Bakıda əlbəyaxa döyüş üzrə 65 kq çəkili idmançılar arasında bütün rəqiblərim üzərində qələbə qazanaraq qızıl medala layiq görüldüm və yığma komandanın tərkibinə qatıldım. 2003-cü ildə Moskvada dünya, 2006-cı ildə Belçikada və 2007-ci ildə İngiltərədə Avropa çempionu oldum.

- Ən son qatıldığınız turnir hansı olub?

- Bu il fevralın 26-28-də Türkiyənin İstanbul şəhərində Beynəlxalq Döyüş Sənətləri Federasiyası tərəfindən təşkil olunan dünya çempionatında iştirak etdim. Rəqiblərim Əfqanıstan və Almaniyadan olan idmançılar idi. Finalda isə fransalı idmançını məğlub edərək, dünya çempionluğunu qazandım. 

- Azərbaycan əsilli UFC döyüşçüsü Rafael Fiziyevin Castin Qeyci ilə görüşü haqdanə deyə bilərsiniz?

- Rəfael Fiziyev kikboks ve muay-tay ilə məşğul olub. Döyüş qabiliyyətləri super olan idmançımızdır. Bir az güləşi zəifdir. MMA-da məcbur güləş üzərində də işləmək lazımdır. Rafaelin güləşi güclü olsa, rəqibinə asanlıqla qalib gələ bilərdi. O, həm də Tailandda məşq keçir. Hazırda UFC-də döyüşdüyü üçün məşqçiliyi saxlayıb, öz üzərində çalışmalıdır.

- Bu idman növü ilə məşğul olan insanlara hansı tövsiyyələri verərdiniz?

- MMA universal idman növü sayılır. Bütün növlər burada toplanıb. Bu idmanla məşğul olmaq üçün səbir lazımdır. Daim öz üzərində işləmək, ətrafında sağlam insanlar olmalıdır. Pis vərdişlərdən uzaq durmaq lazımdır.


Paylaş: