Gizlənmiş rəsmilər
Azərbaycanda hər klubun bir dərdi var. "Kəpəz"də isə dərs bir deyil, iki deyil. Hər il bu klubda problemlər bir-birinin üstünə yığılır.
Bu mövsüm “Kəpəz”də rəhbərlik dəyişdi. Düşündük ki, nəhayət problemlər arxada qalacaq, günəşli günlər doğacaq. Oldumu? Xeyr.
İndi o yeni rəhbərlikdən nə xəbər var, nə ətər. Bütün məsuliyyəti də atıblar mövsümün əvvəlində bəyənmədikləri Azər Bağırovun üstünə ki, bizi bu bataqlıqdan qurtar. Gələn mövsüm dövlətin ayırdığı 2.5 milyonu itirmək var axı...
2,5 milyon demişkən, görünür, o pullardan ortada heç nə qalmayıb. Hamısını kluba bir neçə dəfə "get-gəl" edən Erkin İbrahimov göylərə sovurub - keyfiyyətsiz futbolçuların transferinə... İndi həmin oyunçuları Bağırov xahiş-minnətlə geri qaytarmağa çalışır.
Adil Vəliyev adlı şəxs də məsuliyyətdən qaçır. Kimliyi bəlli olmayan bu klub rəsmisinin 2-3 fotosundan başqa heç bir işinə rast gəlmədik, səsini eşitmədik. Gəncədəki azarkeşlərdən də onu görmüşəm deyən olmayıb.
Fərman Əlizadə? O da ortalıqda deyil, danışmır, kluba gün ağlamır. Əksinə faydalanır, kisədən qazanır.
İndi bu şəxlərə güvənən adamları sorğulamaq yerinə düşər. Necə olub ki, belələrinə klub, dövlət dotasiyasını etibar ediblər? Ciddi araşdırma mövzusudur...
Mirələm HƏSƏNLİ