"Kubokda hədəfimiz böyükdür"
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Kəpəz” – “Turan Tovuz” oyunundan (0:2) sonra qonaq komandanın məşqçisi Ruslan Abışov jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
– Birinci oyunda qazandığımız qələbə bizim üçün heç nəyi dəyişmirdi. Oyuna ciddi hazırlaşmışdıq. Erkən qol uşaqlarda arxayınlıq yaratdı və bu, təsirini göstərdi. İkinci hissənin də əvvəlində fərqlənməyimiz eyni vəziyyəti yaratdı. Artıq hesabda 3:0 öndəydik. Amma əks-hücumlarda daha yaxşı oynaya, çox qol vura bilərdik. İndi bu matçı unudub, çempionata hazırlaşacağıq. Kubokda hədəfimiz böyükdür, finala qədər getmək istəyirik.
– Qurban Berdiyevin əsas göstərişləri nələr idi?
– Bacardığımız qədər dediklərini futbolçulara çatdırmağa çalışdıq. Əsas odur, qələbə qazandıq və mərhələni keçdik.
– Finala çıxmaq şanslarınızı necə dəyərləndirirsiniz?
– Bizim üçün kubok vacibdir. Qarşıda “Zirə” ilə çətin oyun var. Onlar da kuboka iddialıdır. Məqsədimiz finala çıxmaq, kuboku qazanmaqdır.