SOS! Toxunulmazlıq illüziyası
Təcrübə göstərir ki, özünü uzun illər əlçatmaz, qanunun fövqündə görənlərin taleyi gec-tez dəyişir. Dünənə qədər “böyük fiqur” kimi təqdim olunan, məsuliyyətdən kənarda qaldığını düşünən neçə-neçə adamın bu gün fələyi tərsinə çönüb. Dünən kabinetlərdə hömranlıq edən, adının qarşısında “vəzifəli şəxs” yazılanların aqibəti göz önündədir. Sistem gec reaksiya verə bilər, amma unutqan deyil. Bağışlamaz...
Dövlət idmanın inkişafı naminə ciddi maliyyə vəsaitləri ayırır. Məqsəd gənc və yeniyetmələr üçün sağlam mühit yaratmaq, idmançı potensialını gücləndirmək, nəticəyə hesablanan sistem qurmaqdır. Bu niyyətlə sahəyə cavabdeh şəxslərə inam göstərilir, federasiya və klubların rəhbərlərinə səlahiyyətlər verilir. Bu etimadın qarşılığında nə görürük? Nəticəsizlik, xaos və israfçılıq. Dövlət vəsaiti şəxsi ambisiyaların yanacağına çevrilib.
Azad mətbuat bu mənzərəyə susa bilməz. Susmamalıdır. Media təsadüfən “hakimiyyətin dördüncü qolu” adlandırılmayıb. Mətbuatın vəzifəsi tərif yazmaq yox, sual vermək, ictimai nəzarət funksiyasını yerinə yetirmək, şübhə doğuran məqamları gündəmə gətirmək, problemləri göstərmək və ölçü götürülməsinə zəmin yaratmaqdır. Lakin bu yanaşma dövlətin güvənindən sui-istifadə edib, həmin etimadı şəxsi maraqlarına alət edən məmurlaşmış idarəçilərin işinə yaramır. Nəticədə süni maneələr yaradılır, azad mətbuatın səsini boğmaq cəhdləri edilir. Doğruları yazan müstəqil media “qara siyahılar”a salınır. Proses isə getdikcə daha sistemli xarakter alır.
İdman federasiyaları və klubların strukturundakı şəxslərə diqqətlə nəzər yetirəndə mənzərə daha da aydınlaşır. Eyni çevrəyə aid olan, bir-birini qoruyan, yaxın münasibətlər üzərində qurulmuş idarəçilik modeli formalaşıb. Dövlətdən gələn maliyyə idmanın inkişafına yox, bu şəxslərin şəxsi nüfuz və təsir imkanlarının genişlənməsinə xidmət edir. Xərclər artır, nəticələr isə ildən-ilə daha da azalır.
Bu rəhbərlər özlərini toxunulmaz sayırlar. Anlamırlar ki, bu rahatlıq müvəqqətidir. Elə bilirlər ki, yazılanlar itib-batır, suallar havada qalır, məsuliyyət heç vaxt qapılarını döyməyəcək. Amma sıra gec-tez hamıya gəlir. Hesabat vaxtı bəhanələr işləməyəcək və çox gec olacaq...
Mirələm HƏSƏNLİ