Salah start heyətində
“Liverpul”un UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda “Qarabağ”la oyuna çıxacaq təxmini “11-liy”i məlumdur.
Sportlife.az Britaniya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Arne Slot 4-3-3 taktiki sxemindən yararlanacaq.
Digər qolkiperlər hazır olmadığından, əsas qapıçı Alisson Bekerə istirahət verilməyəcək. Bugünkü matçda məhz braziliyalı çərçivədəki yerini alacaq.
Müdafiənin mərkəzində Vircil van Deyklə yaponiyalı Vataru Endo tandem təşkil edəcək. “Qırmızılar” müdafiə xəttində ciddi problemlər yaşadığından, Endo bugünkü görüşdə meydana çıxmaq şansı qazanacaq. Miloş Kerkez sol, Ceremi Frimponq isə sağ cinahda yer alacaq.
Yarımmüdafiə xətti Dominik Soboslay, Rayan Qravenberx və Aleksis Makallister “trio”suna tapşırılacaq. Məhəmməd Salahın ilk dəqiqələrdən meydanda olacağına şübhə edilmir. Çünki Slotun ön xəttdə ciddi seçim imkanı yoxdur. Florian Virtsin isə əks cinahda – solda hücuma dəstək verməsi gözlənilir. Hücumun mərkəzində isə Uqo Ekitike əsas qol silahı olacaq.
Qeyd edək ki, bu gün “Enfild Roud”da keçiriləcək “Liverpul” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.