Mourinyo “Qarabağ”a məğlubiyyəti xatırlatdı
"Düşünmürəm ki, pley-offa vəsiqə qazanılıb-qazanılmaması transfer bazarı ilə birbaşa əlaqəlidir. “Benfika” yay transfer pəncərəsində artıq işini görüb, indi isə mövsümün qalan hissəsi üçün heyəti balanslı şəkildə gücləndirməyə çalışır”.
Sportlife.az xəbər verir ki, bu sözləri “Benfika”nın (Portuqaliya) baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının 8-ci turunda “Real”a qarşı keçiriləcək oyunla bağlı təşkil edilən mətbuat konfransında deyib.
O, komandasının pley-offa çıxma şansını çətinləşdirən səbəblər barədə danışarkən komandanın “Qarabağ”a məğlubiyyətini xüsusi vurğulayıb: “Əsas problem qalib gəlməli olduğumuz bir oyunda uduzmağımız oldu — “Luj” stadionunda “Qarabağ”a 2:3 hesablı məğlubiyyət. Həmin oyunda qalib gəlsəydik, hazırda 9 xalla çox güman ki, vəsiqəyə cəmi 1 xal məsafədə olardıq.
Bununla yanaşı, xal itirdiyimiz başqa oyunlar da var. Xüsusilə evdə “Bayer"ə məğlubiyyət tamamilə ədalətsiz və matçın gedişinə uyğun olmayan nəticə idi. Amma nə olursa-olsun, bu da məğlubiyyətdir və yekunda vəsiqənin taleyinə təsir göstərir”.
Qeyd edək ki, hazırda “Benfika” 7 oyundan 6 xalla ÇL-də 29-cu yeri tutur.