Futbola hörmətsizlik

  • 8 Yanvar 2026, 12:13

"Karvan-Yevlax”ın Premyer Liqaya qayıdışı ilk baxışdan futbola bayram əhval-ruhiyyəsi qatmışdı. Düşündük ki, bölgə futbolu nəfəs alacaq, Yevlax yenidən xəritədə görünəcək. Amma qısa zamanda üzə çıxan reallıqlar gözləntiləri alt-üst etdi.

Mövsümün əvvəlində heyətinə 12 legioner qatan komanda indi nəticə verə bilmir. Dövlətdən alınan 2.5 milyonluq dotasiya necə gəldi xərclənib. Nə sistem qurulub, nə gələcək üçün bünövrə. Pul xərclənib, amma fikir xərclənməyib.

Rəhbərlik məsələsində isə klub tam bir tragikomediya nümunəsidir. Rəsmi olaraq Azər Həşimov var, faktiki olaraq yox. Onunla vidalaşmaq istədilər, amma təzminat məsələsində razılığa gələ bilmədilər. Nəticədə “sükan arxasına” qeyri-formal şəkildə Füzuli Məmmədov gətirildi. Lakin hələ də dəyişiklik barədə rəsmi açıqlama yoxdur. Klub bu qədər qeyri-peşəkar şəkildə idarə olunur.

Belə idarəçilik futbola, azarkeşə, dövlətin ayırdığı vəsaitə hörmətsizlikdir. Bu pullar inkişaf üçündür, improvizasiya üçün yox.

Dövlət vəsaiti hesabatlılıq, şəffaflıq və peşəkarlıq tələb edir. “Karvan-Yevlax”da isə hələ ki, bunların heç biri görünmür. Dövlət dotasiyası belə klublara verilməməlidir.

Mirələm HƏSƏNLİ 


Paylaş: