"Neftçi"yə qarşı oynamaq məndə fərqli hisslər yaradır"

  • Dünən, 14:50

"Turan Tovuz"un futbolçusu İsmayıl Zülfüqarlının Sportlife.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasının XXVI turunda "Neftçi" ilə keçirilmiş matç haqda düşüncələriniz necədir?

- "Neftçi" ilə oyuna yaxşı hazırlaşmışdıq. Amma matça pis başladıq. Oyunun əvvəlindəki qırmızı vərəqə bizə çətinlik yaratdı. Amma buna baxmayaraq, komandamız xarakter göstərdi və matçın sonlarına yaxın qol buraxsaq da, ruhdan düşmədik. Sona qədər mübarizə apardıq və 1 xal qazandıq.

- Qırmızı vərəqə haqlı qərar idi?

- Bəli, haqlı qərar idi. Hakman topu yaxşı saxlamadı ve sonda məcbur olub rəqibə qarşı qaydanı pozdu.

- Keçmiş komandanıza qarşı oynamaq necə bir hissdir?

- "Neftçi"yə qarşı oynamaq məndə fərqli hisslər yaradır. Bu hissləri ifadə edə bilmirəm. Çünki bu klubda böyümüşəm. Əynimdə olan forma üçün hər zaman vuruşmuşam. Bu gün "Turan Tovuz" ailəsi məni komandada görürsə, mən də olar üçün əlimdən gələni etməliyəm.

- Neçənci dəfədir ki, "Turan Tovuz" xarakter göstərir və son dəqiqələrdə qol vurur. Komandanızın sona kimi əzmkar mübarizə aparmasının sirri nədədir?

- Yaxşı kollektivimiz var. Ola bilər ki, hansısa futbolçuda bəzən oyun alınmasın və ya səhv etsin. Buna mən də daxiləm.

- Növbəti matçınız "Sumqayıt"a qarşı olacaq. Həmin oyundan nə gözləyirsiniz?

- Bu oyun da digər matçlar kimi bizim üçün çox vacibdir. "Sumqayıt" yaxşı komandadır. Amma biz də bu həftə yaxşı hazırlaşıb, evdə onlara qalib gəlməyə çalışacağıq.


Paylaş: