
"Nəticəyə təsir edən epizodlar da olur"
Azərbaycan Premyer Liqasının I turunun “Zirə” – “Araz-Naxçıvan” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
– Çempionatın ilk oyunları ağır keçir. Oyunçularım yaxşı ustalıq göstərdilər. Çempionatın favorit komandalarından birinə qarşı baxımlı oyun göstərdilər. Düşünürəm ki, qələbəyə yaxın tərəf biz idik. Hesab 1:0 olarkən də, 1:1 olarkən də qol epizodlarımız var idi. Bunlardan istifadə edə bilmədik. Rəqib standart vəziyyətdən qol vurdu. Həmin epizodda da zəncirvari səhvlərimiz oldu. Ümumilikdə oyunçularımın göstərdiyi performansdan çox razı qaldım.
– Sizcə, bu gün hakim oyunun nəticəsinə təsir göstərdi?
– Oyun içində olan narazılıqlarımız təbiidir. Oyundan sonra biz də baxırıq, nəticəyə təsir edən epizodlar da olur. Oyun zamanı verilən reaksiyalar fərqli olur. Bəzən elə olur ki, həqiqətən oyunun gərginliyindən dolayı dialoqlar olur. Ümumilikdə bu oyunda hakimlikdən narazı qalmadım. 1-ci hissədə vurduğumuz qol sayılmadı. Bu epizodda topun ələ dəyməsi bilmirəm necə yorumlanır. Demirəm ki, səhv qərardır.
– Felipe Santosun sizlə olan epizod haqqında düşüncələriniz necədir?
– Top əlimdəydi. Santoş sərt şəkildə götürdü. Bu oyun zamanı futbolçular arasında olur. Bunu bir mənimlə etmədiyi qalmışdı, o da oldu. Xasiyyəti elədir, belə də qəbul etməliyik.