
"Bəlkə də daha çox risk etməliydik" - MÜSAHİBƏ
"Neftçi"nin müdafiəçisi Ervin Koffinin Sportlife.az saytına müsahibəsi
- Premyer Liqanın XXVI turunda evdə "Turan Tovuz"la 1:1 hesablı heç-heçə etdiniz. Oyunla bağlı nə deyə bilərsiniz? Qırmızı vərəqə matçın axarına necə təsir etdi?
- Qırmızı vərəqədən əvvəl də biz topa nəzarət edirdk. Ona görə də rəqib futbolçu meydandan qovulduqdan sonra da heç nə dəyişmədi. Oyuna nəzarəti öz əlimizdə saxladıq.
- 70 dəqiqə azlıqda qalan komandaya son dəqiqələrdə qol vura bildiniz. Komandanın oyununda çatışmayan nə idi?
- Azlıqda qalan komandaya qol vurmaq asan deyil. Bəlkə də daha çox risk etməliydik. Sonuncu dəqiqələrdə istəyimizə nail olduq, amma asan olmadı.
- Qələbə hesabını qoruyub saxlamaq niyə mümkün olmadı?
- Son saniyədə cərimə zərbəsindən sonra qol vurdular. Bizim üçün gözlənilməz oldu, amma bu, futboldur. Sona qədər diqqətimizi cəmləməliyik.
- Yeni transfer Sambalo Sambu haqda nə düşünürsünüz? Komandaya qoşulması oyununuzda necə dəyişiklik yaradıb?
- Sambu yaxşı və sürətli oyunçudur. Hədəflərimizə çatmaqda bizə kömək edir. Liqada ilk qolunu vurdu. Onun adına xoşbəxtəm.
- Növbəti matçınız "Səbail"ə qarşı olacaq. Həmin oyundan gözləntiniz nədir?
- Qələbə üçün hər şeyimizi verəcəyimiz vacib oyundur.