Futbolun İnkişafı Mərkəzi: Yazılır, pozulur, amma...

  • Dünən, 20:36

70 səhifəlik strateji sənədin hər bəndində bir ümid, hər cümləsində bir “bəlkə” gizlənib. Bu gedişlə AFFA-nın strategiyası praktikadan çox nağıl kitabına bənzəyir.

Başlayaq ilk səhifədən: “Avropanın aparıcı klublarının diqqətini cəlb edəcək istedadlı azərbaycanlı futbolçular və məşqçilər yetişdirmək üçün Futbolun İnkişafı Mərkəzi yaradılacaq”.

Gözəl səslənir. Amma... növbəti bənddə məlum olur ki, hələ mərkəzin strategiyası hazırlanmalıdır. Ardınca isə həmin strategiyanın əməliyyat planı tərtib olunmalıdır. Yəni əvvəl ideya, sonra plan, sonra planın planı. Sonda isə yəqin ki, "Yaxşı olar ki, məsələyə gələn il yenidən baxılsın" deyiləcək.

Futbolun İnkişafı Mərkəzi? Hazırda bu mərkəz kağız üzərindədir. sanki AFFA özü də başa düşüb ki, real həyatda futbol inkişaf etmir, heç olmasa sənəddə etsin.

Hər şey qeyri-müəyyən, hər şey sabaha saxlanılıb. Bəs AFFA sabaha qədər davam edəcəkmi? Cavab verəcək bir məsul var, ya yox?

Planlar yazılır, kağızlar dolur, aylar keçir… Futbol adına isə hələ heç bir dəyişiklik yoxdur. Əgər məqsəd sənəd hazırlamaq idisə, AFFA artıq qalibdir. Amma nəticə istəyənlər üçün hələlik oyun başlamayıb.

Mirələm HƏSƏNLİ 


Paylaş: