Fərəcullayev yarıya da çata bilmir

  • Dünən, 18:16

AFFA-nın baş katibi Cahangir Fərəcullayev bir ay əvvəlki hesabat konfransında çox qəti danışmışdı.

Sitat:

“İnkişaf strategiyasını fəaliyyət planına çevirməliyik. Düzgün plan işin yarısıdır. AFFA-nın strukturu və kadr potensialı məqsədlərə çatmaq üçün yetərli deyil. Ciddi dəyişikliklər olacaq. Yeni strategiya layihə qrupu yaradılacaq və birbaşa baş katibə tabe olacaq.”

Bir ay keçdi. Heç tərpəniş də yoxdur...


Cahangir bəy “düzgün plan işin yarısıdır” deyir, amma AFFA hələ plan qurmaq mərhələsində belə deyil. İctimaiyyətə açıqlanmış heç bir konkret sənəd, fəaliyyət planı, yol xəritəsi yoxdur. Futbolun idarəedilməsi məxfi hərbi əməliyyat deyil ki, hər şey gizli saxlanılsın. Hesabat verdiyiniz cəmiyyətə izahat da borclusunuz.

Birbaşa baş katibə tabe olacaq "layihə qrupu" ilə bağlı da konkret heç bir struktur qərarı, komanda təqdimatı yoxdur. 

Əgər AFFA-nın strukturu və kadr potensialı yetərsizdirsə, bunu baş katibin özü deyirsə, niyə hələ də həmin strukturla işləməyə davam edilir? Əgər dəyişiklik zəruridirsə, təxirə salınması AFFA-nın daxili müqavimətini, yaxud iradəsizlik problemini göstərir.

AFFA rəhbərliyinin əsas problemi də elə budur: nəticəyə deyil, ritorikaya fokuslanırlar. “Ciddi dəyişikliklər olacaq” demək asandır. Amma nə vaxt? Necə?

AFFA ictimai resurslardan (dövlət büdcəsindən) faydalanırsa, onun qərarları və strategiyaları da şəffaf və ictimaiyyətə açıq olmalıdır.

Hazırkı vəziyyət qeyri-müəyyənlik və passivliklə xarakterizə olunur. Strategiya var, çıxışlar var, ritorika çox,  nəticə isə yoxdur. Hətta nəticə bir yana, ciddi cəhdlər belə görünmür. İdarəetmədə çeviklik 0 səviyyəsindədir.

Fərəcullayev, “düzgün plan işin yarısıdır”?

Təəssüf ki, yarımçıq işin yarısı belə ortada deyil...

Mirələm HƏSƏNLİ 


Paylaş: