
Milli komandalarımız bölgələrə yollandı
Müxtəlif yaş qrupları üzrə güləş yığmalarının qarşıdan gələn mühüm yarışlara hazırlığı intensiv formada davam edir.
Sportlife.az xəbər verir ki, yunan-Roma güləşi üzrə böyüklərdən ibarət milli komanda Vladiqafqazda təlim-məşq toplanışı keçir. U20 millimiz isə Antalyada keçirilən “Çempionlar” turnirində çıxışını başa vurduqdan sonra fasilə vermədən növbəti hazırlıq prosesinə start verib. Belə ki, komandamız mayın 11-dən 24-dək Qax Olimpiya İdman Kompleksində toplanış keçəcək. Növbəti toplanış isə mayın 27-dən iyunun 9-dək isə Xaçmaz Olimpiya İdman Kompleksində baş tutacaq.
Eyni yaş qrupunda sərbəst güləşçilər də Qaxa yollanacaq. Ancaq bu növ üzrə U20 millimizin bölgə toplanışı mayın 28-dən iyunun 11-dək olan müddəti əhatə edir. Buna qədər məşqlər Bakıda keçiriləcək.
Böyüklərdən ibarət sərbəst güləş yığmamız mayın 14-də Quba Olimpiya İdman Kompleksində növbəti təlim-məşq toplanışına başlayacaq. İki həftə davam edəcək hazırlıq prosesində Türkiyə millisi də iştirak edəcək.
Qadın güləşçilərimiz iki qrupa bölünüb. U20 və böyüklərdən ibarət heyət Quba Olimpiya İdman Kompleksində, U15 və U17 millilərimiz Abşeron Olimpiya İdman Kompleksində məskunlaşıb. Hər iki toplanış mayın 11-dən 24-dək davam edəcək.
Sərbəst güləş üzrə U17 millimiz isə mayın 7-dən Xaçmaz Olimpiya İdman Kompleksində toplanışdadır. Özbəkistanın müvafiq komandası ilə birgə keçirilən hazırlıq prosesi ayın 21-də yekunlaşacaq.