Futbolun sürrealizm epoxası: Plan yox, format qeyri-müəyyən, qərarlar havadan

  • Dünən, 13:04

Futbolun analoq menecment dövründən çıxıb, riyazi tənliklərin belə izah edə bilmədiyi qərarlar burulğanına düşdüyü bir dövrə xoş gəlmisiniz!

Mövsümün ortasında komanda sayının artırılması? Bu, Azərbaycan futbolunun inkişafı naminə atılmış bir addımdır? Niyə bu qədər tələsik və qeyri-müəyyən şəkildə? Plan varsa, niyə ictimaiyyət bundan xəbərsizdir? Format necə olacaq, klublar və azarkeşlər niyə aydın cavab ala bilmir?

Əgər bu qərar həqiqətən futbolumuzun xeyrinədirsə, o zaman şəffaflıq olmalıdır. Çünki idarəçilik təkcə qərar verməkdən ibarət deyil, eyni zamanda bu qərarları əsaslandırmaq və ictimaiyyəti inandırmaqdır.

Sual: Mövsümün sonunda hansı komanda Premyer Liqaya vida edəcək? Yoxsa, heç kim getməyəcək? Bəlkə də 3 komanda gələcək, 1 komanda gedəcək? Yoxsa ümumiyyətlə, düşmə mexanizmi arxivə göndərildi? Niyə konkret bir məlumat qeyd olunmayıb? "Fikirləşib deyərik" prinsipi ilə işləyirsiz?

Bəs "Şamaxı", "Kəpəz", "Səbail" nə etsin? Mübarizəyə davam etsinlər, yoxsa rahat oturub "düşmə yoxdur" qərarını gözləsinlər? Rəqabət ölür? Klublar bu qərarlar altında necə inkişaf etsin? Şəffaflıq, idman prinsipləri?

Tələsik və gizlin toplaşıb verilmiş qərarlar, sistemsizlik və gələcəyə dair heç bir aydın konsepsiya olmadan verilən bu dəyişikliklər Azərbaycan futbolunun inkişafına xidmət edirmi?

Kim bilir, bəlkə sabah yenidən fikirləşib qərarın özünü də dəyişərlər...

Mirələm Həsənli 


Paylaş: