“Kəpəz”in samuray yalanı 

  • Bu gün, 17:11

Fərman Əlizadə niyə güclü komanda istəmir?

“Kəpəz”dəki parçalanma hər keçən gün klubunun əsas komandasının meydandakı fəaliyyətinə təsir göstərməkdədir. Ölkəmizə qarşı iqtisadi cinayətlərə görə DTX tərəfindən həbs olunan Adnan Əhmədzadənin ən yaxın adamı Adil Vəliyevin başında durduğu Gəncə təmsilçisi problemlər içindədir. Vəliyevin yarıtmaz kadrı, AFFA-nın sabiq baş katibi Elxan Məmmədovun futbolumuza caladığı Fərman Əlizadə “Neftçi” ilə oyun öncəsi yenə komandanı pis vəziyyətdə qoyub. 

Bakı klubunun rəhbərliyində təmsil olunan Kamil Məmmədovun dostu olmaqla idarəçilikdə təlimatları ondan alan Fərman bəy hər dəfə “Neftçi” ilə oyunlar öncəsi ona jest edir. Məmmədovun təlimatı ilə baş icraçı direktor Cenk Sümerə Gəncə səbəti yollayan Əlizadə bu azmış kimi Ryonosuke Ohorinin bakılılarla oyunda meydana çıxmasına icazə vermir. Klub rəsmisi avqustun sonlarında “Kəpəz”ə icarəyə verilən yaponiyalının noyabrda keçirilən səfər matçında olduğu kimi Yevlaxdakı görüşün də iştirakısı olmasına əngəl yaratdı. Klublar arasında imzalanan müqavilədə “Ohori “Neftçi” ilə görüşlərdə oynamayacaq” deyə bir razılaşma yoxdur. Zatən iddialı kluba lazım olmayaraq autsayderə icarəyə verilən oyunçunun qarşısında bunu şərt qoymaq düzgün deyil. 

Menecer klub rəsmisi Erkin İbrahimovun yarıtmazlığı sayəsində yayda pulu havaya sovurulan “Kəpəz”in heyəti onsuzda kasaddır. Üstəgəl, Ohori də 3 matçda süni əngəllərə görə oynamayacaqsa, indi vəziyyəti təsəvvür edin. Gəncəlilərin baş məşqçisi Azər Bağırov oyunsonrası mətbuat konfransında vəziyyəti malalamağa çalışaraq Fərman Əlizadəni uğursuz şəkildə qorumağa çalışıb. Amma unudub ki, nəticəyə görə cavabdeh məhz özüdür. 

Beləliklə, “Kəpəz” tarixi derbi öncəsi Fərman Əlizadə tərəfindən qəsdlə zəiflədilib. Əzəli rəqibin önünə əliyalın, lideri olmadan çıxardılıb. Əlizadə üçün doğulub boya-başa çatdığı şəhərin komandası yox, dostluq etdiyi Kamil Məmmədovun istəyi maraqlıdı. Onun təmsil olunduğu klubun qələbəsi asan təmin olunsun deyə Ryonosuke paytaxt təmsilçisi ilə oyunlarda heyətə salınmır. Əlizadə yaxşı başa düşür ki, “Neftçi”yə lazım olmayan futbolçu özünü müqavilə ilə məxsus olduğu komandaya sübut etmək üçün hər cür fədakarlığa hazırdır. Elə “samuray”ın son görüşlərdə göstərdiyi performans da Ohorinin istənilən komanda üçün başağrı ola biləcəyini göstərir.

Demək ki, gəncəli azarkeşlər tarixi derbidəki məğlubiyyəti meydandan kənar işlərdə, Fərman Əlizadənin “taktiki” gedişlərində axtarmalıdırlar.

Xəzər


Paylaş: