Müvəqqəti kreslo, daimi laqeydlik: AFFA uşaq futbolunu niyə unudub?

  • 21 Aprel 2025, 19:15

2024-cü ilin noyabr ayında AFFA rəhbərliyi tərəfindən Uşaq və Gənclər üzrə yarışların təşkili şöbəsinə müvəqqəti olaraq təyin edilən Emin Cəfərovun fəaliyyəti təəssüf ki, nə yarışların, nə də uşaq futbolunun gələcəyinə dair nikbin ümidverici bir mənzərə yarada bilmir. Daha öncə AFFA-da Oyun Əməliyyatları şöbəsində çalışan Cəfərovun bu yeni vəzifəsi sanki AFFA-nın institusional avtopilot rejimində “kreslo doldurma” missiyasından o tərəfə keçə bilməmişdir.

Uşaq futbolu bu gün AFFA-nın vitrinində yox, zirzəmisində toz basmış bir sənəddir. Müşahidə etdiyimiz isə qeyri-müəyyənlikdən doğan operativ vakuumdur. Hər hansı bir strateji kontur, struktur islahat ya da sistemli təşəbbüs yoxdur. Uşaq və Gənclər şöbəsi hələ də “müvəqqəti” statusun bəhanəsinə sığınıb status-kvonu konservləşdirir.

Bu müvəqqətilik nə qədər davam edəcək? Daha doğrusu, AFFA rəhbərliyi üçün uşaq futbolu, sistemli inkişaf və yarışların keyfiyyəti, legioner limitinin aqibəti qədər strateji əhəmiyyət kəsb edirmi? Yoxsa prioritet xəritəsində bu sahə diqqətdənkənar zolaqda yerləşdirilib?

AFFA-nın “islahat” dedikləri isə əksər hallarda ya kosmetik dəyişikliyə, ya da mediada PR şəkilli görüntü dəyişməsinə bənzəyir. Belə görünür ki, Cəfərovun müvəqqəti təyinatı da bu kontekstdə yalnız simvolik addım idi – içi boş, ideyasız və vizionsuz.

Əgər doğrudan da AFFA bu sahəni “uşaq işi” kimi görürsə, xatırlatmaq lazımdır ki, gələcəyin milli komandası bu günün top qovan uşaqlarının arasında formalaşır.

Mirələm HƏSƏNLİ


Paylaş: