“Mənə yalnız AFFA və İdman Nazirliyinin dəstəyi lazımdır” – Uşaq futbolunu işıqlandıran kanalın rəhbəri

“Mənə yalnız AFFA və İdman Nazirliyinin dəstəyi lazımdır” – Uşaq futbolunu işıqlandıran kanalın rəhbəri

  • 20 Fevral 2023, 14:00

Azərbaycanda uşaq liqalarını işıqlandıran “Qool TV” yutub kanalının rəhbəri Heydər Əliyev Sportlife.az saytına müsahibə verib.

Kanalda yayımlanan oyunları şərh edən H.Əliyev, “Qool TV”nin yaranmasından, məqsədi və gələcək hədəflərindən danışıb.

Müsahibəni təqdim edirik:

 

- "Qool TV" neçə müddətdir fəaliyyət göstərir? Komandanız neçə nəfərdən ibarətdir?

- "QOOL TV" 4 ildən çoxdur fəaliyyət göstərir. 25 noyabr 2018-ci ildə yaranıb. Komandamız yalnız məndən ibarətdir.

 

- Uşaq liqalarını işlandırmaq, şərh etmək ideyası hardan yaranıb?

- Özüm də vaxtilə futbolla məşğul olmuşam. Sadəcə diqqətsizlikdən kənarda qalmışam. Düzdür, öz məsuliyyətsizliyim də olub. Qərara gəldim ki, istedadlı uşaqları daim diqqətdə saxlayım. Ümid edirəm ki, buna nail olacam. Bizim azərbaycanlı uşaqlar ən yaxşılarına layiqdir. İstedadlı uşaqlar çoxdur. Sadəcə onları diqqət mərkəzində saxlamaq lazımdır.

 

- Sizi bu işi görməyə həvəsləndirən səbəb nədir?

- Uşaqlara dəstək olmağı özümə borc bilirəm. Futbol oynadığınım vaxt, mənə heç kim dəstək olmurdu. Məqsədim ölkədəki istedadlı uşaqları diqqətdə saxlamaqdır.

 

- AFFA-nın sizə hər hansı dəstəyi varmı?

- Son aylar ərzində AFFA-nın dəstəyini hiss edirəm. Mülki müqavilə bağlayaraq, AFFA az da olsa mənə dəstək göstərir. Buna görə baş katib, hörmətli Sərxan Hacıyevə təşəkkür edirəm.

 

 

- AFFA-ya sizə daha yaxşı şərait yaratmaları üçün müraciət etmisinizmi?

- Bəli, dəfələrlə müraciət etmişəm. Hələ ki, belə şərtlər altında fəaliyyət göstərirəm. İnanıram ki, yaxın vaxtlarda bundan da yaxşı olacaq.

 

- Gələcək üçün plan və ideyalarınız varmı?

- Uşaq futbolu ilə bağlı planlarım böyükdür. Sadəcə futboldan uzaq sahədə çalışıram deyə planlarımı həyata keçirə bilmirəm. İdeyalara gəldikdə isə fantastik ideyalarım var.

 

- AFFA-ya bu istiqamətdə yeni layihə təqdim etmək fikriniz var? Bəlkə futbol federasiyasının dəstəyi ilə daha səviyyəli işlər görmək imkanı yaranar?

- Ümid edirəm ki, nə vaxtsa AFFA mənə daha səviyyəli işlər görməyim üçün şərait yaradar. Uşaq futbolu ilə bağlı layihələrim böyükdür. Sadəcə maliyyə olmadan bundan artığını edə bilmirəm.

 

- Belə başa düşürəm ki, bütün klubların uşaq komandalarının oyunlarını işıqlandırırsınız. Klublardan sizə hər hansı dəstək vermək istəyən olubmu?

- Bəli, bəzi klublar və ya valideynlər mənə dəstək olmaq istəyib, amma mən qəbul etməmişəm. Mənə yalnız AFFA və Gənclər və İdman Nazirliyinin dəstəyi lazımdır. 

 

 


Paylaş: