
Roberto Bordin Sportlife.az-a MÜSAHİBƏ VERDİ: “Neftçi”nin avrokuboklara vəsiqə qazanması vacibdir”
2018-ci ilin iyulundan 2020-ci ilin yanvarınadək "Neftçi"yə baş məşqçilik etmiş Roberto Bordin Sportlife.az-a müsahibə verib.
Hazırda Moldovanın "Şerif" komandasının sükanı arxasında olan 58 yaşlı mütəxəssisin saytımıza müsahibəsini təqdim edirik:
- “Neftçi”dən ayrıldıqdan sonra keçmiş komandanızın oyunlarını izləyirsiz?
- Bütün oyunları izlədiyimi deyə bilmərəm. Bəzi oyunların icmallarına baxıram.
- Sizdən sonra “Neftçi”də müsbət və ya mənfi mənada nə dəyişib?
- Hazırda vəziyyətin necə olduğunu bilmədiyimə görə bu sualınıza dəqiq cavab verə bilmərəm. Ancaq biz yaxşı iki mövsüm keçirmişdik. Premyer Liqada gümüş medalları qazanmaqla bərabər Avropa Liqasında 2 mərhələ adlamışdıq.
- Siz "Neftçi"dən gedəndən sonra komanda Azərbaycan çempionu oldu...
- Mən şadam ki, Neftçi uzun illərdən sonra çempion ola bildi. Bu çox yüksək nəticədir.
- “Neftçi” hələ də avrokuboklarda qrup mərhələsinə vəsiqə qazana bilmir. Bunun səbəbini nədə görürsünüz?
- Avrokuboklarda yaxşı nəticə əldə eləmək elə də asan məsələ deyil. Amma düşünürəm ki, “Neftçi” daha yaxşısını edə bilər. Çünki bu, yaxşı klub və komandadır.
- Keçmiş komandanız hazırda ikinci pillədəki “Sabah” klubundan 8 xal geri qalır. Necə düşünürsüz, komandanın uğursuz çıxışının səbəbi nə ola bilər?
- “Neftçi”nin mövsümü uğursuz başa vuracağına inanmıram. Onların daha yaxşısını etmək üçün vaxtları var. Avrokuboklara vəsiqə qazanmaq vacibdir.
- Regekampfdan əvvəl yenidən “Neftçi”yə qayıdacağınızla bağlı xəbərlər yayılmışdı. Həmin vaxt klub rəhbərliyi sizinlə danışıqlar aparmışdımı?
- Xeyr. Heç kim mənimlə əlaqə saxlamamışdı.
- İndi siz əvvəllər çalışdığınız "Şerif"ə qayıtmısınız. Gələcəkdə yenidən “Neftçi” ilə işləmək istəyərdiniz?
- “Neftçi” yaxşı klubdur. Orada yaxşı işlər görmüşük. Bu klubda işləmək hər bir məşqçi üçün yaxşı fürsətdi.