
Azərbaycan çempionatı yekunlaşdı
"Şüa" idman kompleksində keçirilən stolüstü tennis üzrə ölkə birinciliyinə yekun vurulub.
Sportlife.az xəbər verir ki, yarışda U-19 və U-15 yaş qrupları üzrə idmançılar bacarıqlarını göstəriblər.
Aprelin 30-da start verilən birincilikdə komanda, qoşa, qarışıq-qoşa və şəxsi mübarizədə qaliblər müəyyənləşib. Nəticələrə əsasən, 19 yaşadək qızların komanda turniri "Sümqayıt-1" kollektivinin qələbəsi ilə başa çatıb.
Oğlanların yarışında isə baş mukafatı "Bakı-1" komandası qazanıb. U-15 yaş dərəcəsində qızların mübarizəsində "Sumqayıt-1", oğlanların yarışında isə "Şabran" qələbəni bayram edib.
U-19 yaş qrupunda mübarizə aparan qızların qoşa yarışında Mərziyyə Nurmətova ilə Aylin Əsgərova birinci olub. Oğlanların turnirində Adil Əhmədzadə - Rüstəm Hacılı tandemi bütün rəqiblərini üstələyib.
Qarışıq-qoşa mübarizədə Adil Əhmədzadə ilə Nigar Mahmudova birinci yer tutub. Şəxsi yarışlarda isə Mərziyyə Nurmətova və Adil Əhmədzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
U15 yaş dərəcəsində qoşa yarışlardan Yağmur Məmmədli – Xədicə Eylazova və Onur Quluzadə - Əliəkbər Mirzəliyev dueti qalib ayrılıb.
Qarışıq-qoşa turnirdə Onur Quluzadə ilə Yağmur Məmmədli qələbə qazanıb. Yağmur Məmmədli ilə Onur Quluzadə şəxsi yarışların da qalibi olub.
Fərqlənən idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunub.