"Komanda xarakter göstərməyi bacardı" - Kaşkilya

  • Bu gün, 17:43

"İmişli” bu gün Azərbaycan Premyer Liqasının 27-ci turunda “Qəbələ”nin qonağı olub.

Sportlife.az xəbər verir ki, oyundan sonra “İmişli”nin baş məşqçisi Jorj Kaşkilyanın mətbuat konfransı keçirilib. Portuqaliyalı çalışdırıcı 1:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:

“Oyunçularımı gözəl nəticəyə görə təbrik etmək istəyirəm. Bizi burada dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. “Neftçi” ilə oyundan sonra komandada ruh düşkünlüyü var idi. Amma bu komanda xarakter göstərməyi bacardı və son iki oyunda 4 xal yığdıq. “Turan Tovuz”la matç da çətin keçmişdi. Bilirdik ki, “Qəbələ” ilə oyun da ağır olacaq.

Çox çətin oyun idi. Bilirdik ki, “Qəbələ” çox sürətli hücumlara keçir, çətin komandadır. Bizim taktikamız çox gözəl işlədi. Çünki belə oyunlarda taktika vacibdir, qol fürsətləri az olur. Standart vəziyyətləri məşqlərdə gözəlləşdirdiyimizə görə bu oyunda da bunun bəhrəsini gördük.

Bütün oyunçular və komanda heyəti olaraq bu qələbəni prezidentimizə həsr edirik. Bu gün onun ad günüdür.

Bu, futboldur. 14 oyunda qələbə qazana bilmədik. Bunlardan 8-də bərabərə qaldıq. Çox oyunlar oldu ki, qələbəyə yaxın idik. Amma futbol ehtimallar üzərində qurulmur. Vacib olan odur ki, komanda məşqlərdə yaxşı hazırlaşırdı. Çempionatda əsas məqsəd Premyer Liqada yerimizi qorumaqdır. “Kəpəz”ə, “Qəbələ”yə, “Karvan-Yevlax”a baxsaq, bizim yerimiz daha yaxşıdır. Nəzərə alsaq ki, biz də “Karvan-Yevlax”, “Qəbələ” kimi Birinci Liqadan gəlmişik”.

“İmişli” növbəti turda “Kəpəz”lə qarşılaşacaq.


Paylaş: