"Neftçi"dən növbəti transfer

  • Dünən, 10:06

Bosniya və Herseqovina millisinin qapıçısı Kenan Piriç karyerasını Azərbaycanda davam etdirəcək.

Sportlife.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı qolkiper “Neftçi” ilə anlaşıb.

İddiaya görə, ötən mövsümü “Antalyaspor”da keçirən Piriç “ağ-qaralar”la müqavilənin bütün detallarını razılaşdırıb. Maaşların vaxtında ödənilməməsi səbəbindən ötən mövsümün gedişində Antalya klubu ilə müqaviləni birtərəfli ləğv edən və Superliqa təmsilçisini FIFA-ya şikayət edən qolkiper “Neftçi”yə azad agent kimi keçib.

Qeyd edək ki, Kenan Piriç karyerası ərzində Belçikada “Gent”, Sloveniyada “Maribor”, Yunanıstanda “Atromitos”, Kiprdə AEK, Türkiyədə isə “Göztəpə” və “Antalyaspor”un heyətində legioner həyatı yaşayıb. O, ötən mövsüm Türkiyə Superliqasında 30 matça çıxıb.

Hazırda “Neftçi”nin əsas qapıçısı olan Rza Cəfərovun Polşa və Rumıniya klublarından birinə transferi gündəmdədir. Emil Balayev isə əvvəlki formasından uzaqdır. Ona görə bakılıların əcnəbi qolkiper gətirəcəyi gözlənilən idi.


Paylaş: