27 milyonluq "Sabah"ı çökdürən adam

  • Dünən, 14:22

2024-cü ildə "Sabah"ın büdcəsi 27 milyon manat olub. Bu, Azərbaycan futbolunda indiyədək qeydə alınmış ən yüksək büdcələrdən biridir. Amma nəticə? Premyer Liqada ən yaxşı halda 5-ci yer və avrokuboklardan kənarda qalmaq riski... Belə bir vəziyyət istənilən ciddi futbol klubunda dərhal struktur böhranı siqnalı sayılardı.

Aydın məsələdir ki, baş məşqçi Berezutski bu uğursuzluğun əsas günahkarı kimi təqdim olunacaq. Bu, standart mexanizmdir. Lakin məsələ təkcə bir məşqçi dəyişikliyi ilə yekunlaşırsa, problem yalnız səthi həll edilmiş sayılır. Ciddi klublarda bu teatr bir səhnəlik olmur. Orada nəticəsizlik araşdırılır, büdcə sorğulanır, strukturlar silkələnir. Bizdə isə 27 milyonluq uğursuzluq ya “bəxtsizlik”, ya da “vaxtsız dəyişiklik” adı ilə kosmetik şəkildə ört-basdır edilir. Görünən odur ki, "Sabah"da sistemli dəyərləndirmə, nəticələrin təhlili və planlaşdırma mədəniyyəti yoxdur.

Əgər 27 milyon manatlıq büdcə ilə 5-ci yer "mümkün olan maksimum" hesab olunursa, bu, idarəetmə uğursuzluğudur.

Qarşılaşdırmaq üçün bir neçə rəqəm kifayət edir:

"Araz Naxçıvan" 6-7 milyonluq büdcə ilə bürünc medalları təmin edir,

"Zirə" 11 milyonla gümüş mükafatçı olur,

"Sabah" isə 27 milyonla maksimum 5-ci yer...


Bu kontekstdə artıq klubun icra strukturları və idarəetməyə cavabdeh şəxslərin məsuliyyəti açıq şəkildə gündəmə gəlməlidir. Maqsud Adıgözəlov illərdir klubun idarəçiliyində yer alsa da, nə sistemi dəyişir, nə də dəyişməyə imkan verir. Təkrar-təkrar sınanmış və nəticə verməmiş modellərin tətbiq olunması nə ilə izah olunur? Klubun inkişaf strategiyası varmı? Hədəflər necə müəyyən olunur? Ən vacib sual: Xərclənən milyonların hesabatını kim və necə verir?

“Sabah” bu qədər resursa baxmayaraq nəyə görə sistematik şəkildə nəticə əldə edə bilmir? İllərdir davam edən bu stabillik problemi sadəcə məşqçi faktoru ilə izah oluna bilərmi?

Klubda nəticə yoxdursa, ilk növbədə sistem, sonra isə struktur sorğulanmalıdır. Klubun büdcəsi ilə nəticəsi arasında uçurum varsa, bu artıq texniki deyil, birbaşa idarəetmə problemidir.

Futbolda nəticə yalnız meydanda qazanılmır. Düzgün qurulmuş menecment və məsuliyyətli qərar mexanizmi olmadan ən böyük büdcə belə uğur gətirməz. "Sabah" bu gün bunun ən real nümunəsidir.

Mirələm HƏSƏNLİ 


Paylaş: