"Şamaxı"nın təhlükəli gələcəyi

  • Dünən, 19:10

"Şamaxı" bu mövsüm Premyer Liqada qalmaqla vacib bir uğura imza atdı. Ayxan Abbasovun təcrübəsi və limitli imkanlarla iş görmək bacarığı sayəsində klub mövsümün sonunda lazımi nəticəni əldə etməyi bacardı. Lakin bu uğur sadəcə səthi bir görüntüdür. Dərinlikdə ciddi problemlər yatır...

Klubun strukturu, xüsusilə də infrastruktur və aşağı yaş qrupları ilə aparılan iş zəifdir. Bu gün "Şamaxı" klub kimliyindən uzaqdır. Region komandası olmaq sadəcə Premyer Liqada iştirak etmək deyil. Yerli futbolun inkişafına da töhfə vermək lazımdır. Ancaq bu istiqamətdə yol hələ dumanlıdır.

Bunun acı nümunəsi – "Şamaxı"nın U-17 komandasıdır. 37 oyunda 37 məğlubiyyət, buraxılan 365 qol və hər oyuna orta hesabla 9 qol. Bu statistika bir klubun aşağı yaş qruplarına olan münasibətini açıq şəkildə ortaya qoyur. Belə gedişat gələcək üçün heç bir perspektiv vəd etmir. Bu cür komanda necə milli üçün baza rolunu oynaya bilər?

Açıq suallar var - "Şamaxı"nın aşağı yaş qruplarına ayrılan vəsait hara gedir? Buna kim nəzarət edir? Niyə bu qədər bərbad nəticələrə baxmayaraq sistemdə heç bir dəyişiklik edilmir?

"Şamaxı" rəhbərləri gələcəyi düşünmürsə, bu gün əldə olunan Premyer Liqa sevinci qısamüddətli olacaq. Əgər qarşıya klub olmaq məqsədi qoyulubsa, ilk növbədə uşaq futboluna ciddi diqqət yetirilməli, şəffaflıq təmin olunmalı və məsul şəxslər cavabdehlik daşımalıdır.

Mirələm HƏSƏNLİ 


Paylaş: