
Sistemin itirdiyi uşaqlar - AFFA-nın strategiyasında gizlənmiş problem
AFFA-nın yeni inkişaf strategiyasında qeyd olunub ki, U-17 liqasında qeydiyyatdan keçmiş oyunçuların sayı U-13 liqası ilə müqayisədə 1685 nəfər azdır. Bu, rəqəmlərlə ifadə olunmuş sistemdaxili itkidir.
Bu fərq sadəcə bir statistika deyil, xəyalları yarımçıq qalan minlərlə uşağın gerçək hekayəsidir. Bəs bu niyə baş verir?
Araşdırmalar göstərir ki, U-13 mərhələsindən sonra futbolun strukturu dəyişir. U-14-dən etibarən komandalar böyük futbola – 11-11 formatına keçməlidirlər. Bu isə böyük meydança, əlavə inventar, texniki baza və maliyyə xərcləri deməkdir.
Nəticədə, sponsoru və dəstəyi olmayan uşaq komandaları bu mərhələdə sistemdən çıxır. Komandalar dağılır, uşaqlar futbolu tərk edir. Bu, təkcə uşaq futbolu üçün deyil, Azərbaycan futbolunun ümumi gələcəyi üçün də ciddi təhlükədir.
Ən acınacaqlısı isə odur ki, bu problem sənədə bir bənd olaraq salınıb, amma onun həlli üçün nə ictimai müzakirə aparılıb, nə də real mexanizm təklif olunub.
Bəs bu vəziyyətdən çıxış yolu varmı? Əlbəttə var — əgər AFFA dinləməyi bacarsa...
Başbilənlər baş sındırmalıdır. Bilməyənlər də təkəbbürlərini sındırıb baxış bucağı geniş olan, təcrübəsi olan mütəxəssislərlə oturub danışmalıdır.
Sistemi dəyişmək üçün ilk addım — problemi dinləməkdir. Yalnız bu halda uşaq futbolu sənədlərdən çıxıb meydanlarda həm yaşaya, həm də inkişaf edə bilər.
Mirələm HƏSƏNLİ