Paltardəyişmə otağında ilişib qalan uşaq futbolu

  • Dünən, 16:10

AFFA-nın ötənilki büdcəsi 44 milyon manat olub. Bəli, səhv oxumadınız — 44 milyon! Amma milyonları olan federasiyasının bir stadionu yoxdur ki, uşaqlar orda rahat futbol oynasınlar. İndi oynamaqları bir kənara, heç paltarlarını da rahat dəyişə bilmirlər.

Yaxşı ki, Cüdo Federasiyası var. AFFA uşaq liqalarının oyunlarını cüdoçularımızın təlim-məşq mərkəzində keçirir. Uşaqlar futbolla məşğul olur, amma Cüdo Federasiyasının stadionunda. Niyə? Əlaqəsiz, absurd bir mənzərə...

Eyni anda 6 komanda oyuna çıxır, amma 3 paltardəyişmə otağı var. Uşaqlar paltarlarını ya bir-birinin üstünə çıxıb dəyişirlər, ya da komanda avtobusunda. 44 milyon manatlıq büdcənin sədası yaxşı gəlir...

AFFA üçün uşaq futbolu – püşkatma mərasimləri, sosial şəbəkələrdəki postlar, bir də mükafatlandırma mərasimlərindəki fotolardır. Amma real həyatda? Uşaqlar növbədə dayanır ki, paltarlarını dəyişsinlər.

AFFA bu qədər vəsaiti hara xərcləyir? Meydança yox, otaq yox. Bu fəaliyyətsizliyi necə izah edə bilərlər? AFFA-nın inzibati binasının "yuxarı mərtəbə"sində necədir vəziyyət?

Uşaq futbolu paltardəyişmə otağında ilişib qalıb... və AFFA-nın açarı yoxdur.

Mirələm HƏSƏNLİ 


Paylaş: