Basketbol Federasiyasının şəffaflıq problemi: Maliyyə hesabatı niyə gizlədildi?

  • Dünən, 13:55

Ötən gün Azərbaycan Basketbol Federasiyası son mövsümün hesabatı və yeni mövsümün açılışı ilə bağlı tədbir keçirdi. Tədbirdə hər şeydən söhbət açıldı: basketbolun ölkəmizdəki inkişaf istiqamətləri, atılan addımlar, ötən mövsüm həyata keçirilən layihələr, qazanılan uğurlar və s. Lakin tədbirin ən vacib hissələrindən biri olan maliyyə hesabatı nədənsə açıqlanmadı. Bu isə ciddi suallar doğurur.

İdman federasiyaları yalnız idmanın inkişafı ilə deyil, həm də ictimai vəsaitlərin idarə olunması ilə məsuliyyət daşıyır. İctimaiyyətə açıqlanan maliyyə hesabatıları görülən işlərin real dəyərini, sponsor və dövlət dəstəyinin necə xərcləndiyini göstərir, federasiyanın fəaliyyətinə olan inamı gücləndirir.

Müqayisə üçün deyək ki, artıq illərdir ki, AFFA hesabat konfranslarında maliyyə hesabatı ilə bağlı məlumat verir, bu barədə bütün detallar federasiyasının rəsmi saytında dərc olunur.

Basketbol federasiyasının tədbirində isə yalnız layihələr və nəticələrdən danışıldı. Xərclərin miqdarı, büdcənin bölgüsü və sərf olunan vəsait barədə heç bir rəsmi məlumat vermədi. Bu isə sual doğurur: görülən işlərə nə qədər maliyyə ayrılıb? Sponsorların və dövlətin dəstəyi hansı istiqamətlərə yönəldilib? Ən əsası, niyə bu məlumatlar ictimaiyyətlə bölüşülmür?

Əgər federasiya həqiqətən idmanın inkişafını, gənclərin basketbola cəlb edilməsini və uzunmüddətli etimadı hədəfləyirsə, maliyyə hesabatları gizli saxlanılmamalıdır. Çünki şəffaflıq olmayan yerdə suallar artır, ictimai inam zəifləyir, sponsor dəstəyi risk altına düşür.

Basketbolun ölkəmizdə daha güclü inkişafı üçün yalnız idman nəticələri yox, həm də maliyyə idarəçiliyində şəffaflıq vacibdir.

 Azərbaycan Basketbol Federasiyası bu tədbirdə maliyyə şəffaflığı baxımından ciddi boşluq göstərdi. Bu nöqsanı düzəltmək zəruridir. Əks halda, əldə edilən uğurların hansı qiymətə başa gəldiyi daim sual altında qalacaq.

Mirələm HƏSƏNLİ 


Paylaş: