Arif Əsədovdan qələbə şərhi

  • 22 Mart 2024, 23:16

Azərbaycan millisinin Arif Əsədov "FIFA series - Edition 2024" layihəsi çərçivəsində bu gün Bakıda Monqolustana 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

- Yeni ildə ilk qələbəyə görə hər kəsi təbrik edirəm. Çətin oyun oldu. Belə olacağını bilirdik. Analiz edəndə də görmüşdük ki, rəqib daha çox müdafiədən oynayır. Məşqlərdə bunun üzərində işləyirdik. Belə oyunlarda tez qol vurmaq lazımdır ki, oyun sonradan daha rahat getsin. Komanda səbrli oynadı, hiss edirdik ki, qol vuracağıq. Sonda da olsa, qol vurub, qalib gəldik.

 

- Sosial şəbəkələrdə tənqidi fikirlər çoxdur ki, bu cür rəqibi güc-bəla ilə uduruq. Bu fikirləri haqlı sayırsınız?

- Hər fikrə hörmətlə yanaşırıq. Dünya futbolunda da olur ki, bu tipli komandalara qarşı adlı-sanlı rəqiblər də çətinlik çəkir. Fərdi keyfiyyətlər hesabına lazım gəlir ki, bu tip komandalara qol vurasan. Biz bu cür rəqiblərə qarşı az oynamışıq. "Bir nömrə" ilə oynadığımız futbola alışmadığımız üçün zamana ehtiyacımız var. Daha çox rəqiblərə qarşı "iki nömrə" ilə oynayırıq.

- Ramil Şeydayevin performansından razı qaldınız?

- Ramil klubunda çox az oynayır. "Qarabağ"dakı Ramili nəzərə alsaq, indiki ilə fərq var. Əsas odur ki, çalışır. Belə oyunda məsuliyyəti üzərinə götürməlisən. O da bunu edirdi. Biz də ümid edirdik ki, Ramil rəqibi aldadıb, say çoxluğu yaradacaq. Tam əvvəlki Ramil olmasa da, əlindən gələni edir.

- Bolqarıstana qarşı tam başqa heyət görə bilərik?

- İki oyunu da düşünmüşük. İki fərqli rəqiblə iki fərqli sistemlə oynaya bilərik. Hansısa dəyişiklik ola bilər.

- Qol son dəqiqələrdə oldu. Hansı hissləri keçirirdiniz?

- Futboldur da, hər şey olur. Təbii ki, qələbəni daha çox istəyirdik. Artıq 80-ci dəqiqədən sonra bir az həyəcan hissi var idi. Ona kimi inanırdım ki, vuracağıq. Tez vursaydıq, qollarımızın ardı da gələcəkdi. Əvəzetmələrdə də "va bank" getdik, hücum resurslarından istifadə etdik ki, qol vuraq. Gözləyirdim. Amma sonlarda həyəcan da var idi. 

- Bolqarıstanla oyunda da "bir nömrə" ilə oynayacağıq?

- Onların bugünkü oyununa baxdıq. Serbiya və Macarıstanla matçlarını da izləmişik. Analizlər etmişik. Tanzaniya ilə oyunlarını da təhlil etdikdən sonra qərar verəcəyik. Evdə oynayırıq. Rəqibə hiss etdirməliyik ki, ev sahibi bizik. Bolqarıstanla görüş üçün bəzi dəyişikliklər olacaq - əsasən müdafiə xəttində (presssport.az).


Paylaş: