"Biz turnir cədvəlinə deyil, hər növbəti oyunumuza köklənirik" - MÜSAHİBƏ

  • 25 Aprel 2024, 14:54

Azərbaycan millisinin və “Sabah”ın futbolçusu Elvin Camalovun Sportlife.az-a müsahibəsini təqdim edirik.

Son olaraq "Kəpəz"lə oynadınız və qələbə qazandınız. Həmin matçı necə dəyərləndirirsən?

- Bizi yaxşı komanda ilə çətin oyun gözlədiyini əvvəldən bilirdik. Üstəlik uzaq yol getmişdik. Amma hamı bu oyunun bizim üçün nə qədər vacib olduğunu bilirdi. İlk hissədə bizə lazım olan qolları vurduq. Fasilədən sonra oyunumuz istədiyimiz kimi alınmadı.

Alınmadı və 1 qol buraxdınız. Rəqibin qolunu arxayınlığın bəhrəsi kimi saymaq olar?

- Deməzdim ki, arxayınlıq yarandı. Sadəcə rəqib fasilədən sonra təzyiqi artırdı. Bunun da nəticəsində təhlükəli vəziyyətlət yarada bildilər. Bu, futbolun bir parçasıdır. Hamı meydana qələbə qazanmaq üçün çıxır və sona kimi müabrizə aparır.

Qarşıda "Səbail"lə oyun var. Həmin matçdan gözləntilər nədir?

- Bizim üçün hər oyun final dəyərindədir. “Səbail”lə oyunda da komanda olaraq qələbəyə köklənmişik. İnanıram ki, bu oyundan da 3 xalla ayrılaraq azarkeşlərimizi sevindirəcəyik.

Ötən turdan əvvəl 2-ci yerlə 4 xal fərqiniz var idi. Amma bu fərq 3-ə enib. Mövsümü 2-ci yerdə bitirməyiniz nə qədər realdır?

- Düzü, biz turnir cədvəlinə deyil, hər növbəti oyunumuza köklənirik. Yalnız qarşıdakı oyunlarımızdan 3 xalla ayrılmaq barədə düşünürük. Əgər biz həmin matçlardan yaxşı nəticələrlə ayrılsaq, turnir cədvəlinə baxmağa ehtiyac qalmayacaq.

Mövsümün sonuna yaxınlaşdıqca klublar arasında rəqabət daha da güclənir. Bu, sizi qorxutmur?

- Çempionatda rəqabətin olması yaxşı haldır. Heç nədən qorxmuruq. Əksinə, vəziyyətə uyğunlaşıb, öz oyununu inkişaf etdirməlisən. Bu, adama motivasiya verir.

Konfrans Liqasına vəsiqə qazansanız, komandanı burada oynamağa hazır hiss edirsən?

- Əlbəttə. Amma bunun üçün ilk növbədə avrokuboklaraq vəsiqə qazanmalısan. Ona görə indidən avrokubok barədə deyil, çempionatın qalan hissəsi barədə düşünürəm.

 

Qulammirzə Səfərli


Paylaş: