
Bəhlul Mustafazadə: "Xaricdən təklif olarsa..." - MÜSAHİBƏ
“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadənin “Turan Tovuz”la oyundan sonra Sportlife.az-ın Tovuza ezam olunmuş əməkdaşına müsahibəsini təqdim edirik.
“Turan Tovuz”la çətin oyun keçdi. Qarşılaşma barədə nə düşünürsən?
- Tovuz səfəri düşünürəm ki, bütün komandalar üçün çətin olur. İstər “Turan Tovuz”un yaxşı oyunu, istərsə də süni meydançada oyun bir az çətinlik yarada bilər. Maraqlı görüş keçdi. Rəqibin də şansları var idi. Sonda biz daha diqqətli olduq və qələbə qazandıq.
Oyuna sonradan daxil olmağın yəqin ki, Qurban Qurbanovun sənə istirahət verməsi ilə bağlı idi?
- Düşünürəm ki, Maksimin nəsə yüngül zədəsi var idi. Ona görə də dəyişiklik oldu.
Almaniyadakı oyunda özünüzdən belə performans gözləyirdinizmi?
- Bakıdakı oyun bizə stimul vermişdi ki, orada da yaxşı oyun göstərək. Yaxşı mübarizə apardıq. Təssüflər olsun ki, son dəqiqələrdə bu şansı əlimizdən qaçırdıq. Bu, bizi çox məyus edir. Mərhələni keçməyə yaxın idik. Bəlkə də təcrübə çatmadı.
Avropadan təklif gəlsə, karyeranı xaricdə davam etdirmək istəyərsənmi?
- Önəmli olan mənə xaricdən təklif gəlməsi deyil. Əsas olan təklifin hansı klubdan gəlməyi, hansı çempionata getməyim və orada inkişaf edə bilib-bilməyəcəyimdir. Xaricdən təklif olarsa, bu nüansları fikirləşəcəyəm.
Hidayət Qurbanov / TOVUZ