İlqar İmamquliyev : "Ola bilər ki, kimlərsə bağışlasın, amma bunu Allah bağışlamaz!"

  • 26 Yanvar 2024, 23:00

"Xarı Bülbül Şuşa" komandasının baş məşqçisi Ziya Rəcəbov "Nə zaman ki Azərbaycan Voleybol Federasiyasında köklü dəyişiklər olmayacaq, mən də bu ölkədə yoxam!" ifadələrini səsləndirmişdi.

Sportlife.az xəbər verir ki, “Xarı Bülbül Laçın” və "Xarı Bülbül Şuşa" klublarının təsisçisi İlqar İmamquliyev 90deqiqe.az saytına eksklüziv açıqlamasında bu məsələyə toxunub.

Həmin müsahibəni təqdim edirik:

"Ziya Rəcəbov Azərbaycan voleybolunda ən təcrübəli məşqçilərdəndir. Təbii ki, onun ölkə voleybolundan incik düşməsi hazırkı duruma görə başa düşüləndi. Çünki Avropada oynayan klubunun dağılması ona mənfi təsir etməyə bilməzdi. Ziya bir çox məqamlarda haqlıdır. Çünki son illərdə Azərbaycanı beynəlxalq arenalarda, xarici ölkələrdə təmsil edən yeganə məşqçi idi. Hansı ki İndoneziya çempionu olub, Avropada uğurlar qazanıb. Onun kimi məşqçilərə ölkəmizdə hər zaman ehtiyac olacaq. Çünki onların sayı barmaq sayını keçməyəcək qədərdir. Əslində Ziya Rəcəbovun bədbin olmasını anlayıram, lakin onun voleyboldan uzaq qalmasını istəmirəm. Voleybol Ziyaya, Pərvizə, Cavidə, Turala aiddir. Bu insanlar, məmurlar və ya idarəedicilər müvəqqəti adamlardır. Onları postlarda çox uzun zaman gözləmir. Əlbəttə ki Ziyanın haqqı var ki, ölkə voleyboluna küssün, ləyaqətli bir çalışdırıcını bu qədər sıxmaq, incitmək olmaz. Ola bilər ki, kimlərsə bağışlasın, amma bunu Allah bağışlamaz. Mən çox ümid edirəm ki, Ziyanın da gözlədiyi o dəyişikliklər baş verəcək".

Qeyd edək ki, qısa müddət öncə "Xarı Bülbül Laçın” və "Xarı Bülbül Şuşa" klubları maliyyə, sponsor çatışmazlığı və digər məsələlərə görə fəaliyyətini dayandırıb. 


Paylaş: