27 Avqust 2023, 15:10

Bakıda atıcılıq üzrə dünya çempionatının 13-cü günündə tamaşaçılar və iştirakçılar daha bir dünya rekorduna şahid olublar.

Sportlife.az xəbər verir ki, 300 metr məsafəyə uzanaraq atəş açma üzrə kişilər arasında yarışda qızıl medal qazanan Raymond Debeveç 60 yaşında mümkün 600 xalın hamısını toplayaraq dünya rekordunu yeniləyib.

Bu, qeyd edilən növdə belə yaşlı idmançının ilk nəticəsidir. Daha əvvəl bu növdə rekord vurmuş ən yaşlı atletin 38 yaşı olub (isveçli Karl Olsson).

Yarışda ikinci yeri 599 xal toplayan Finlandiyadan olan atıcı Aleksi Leppa tutub. Bürünc medalı ABŞ-nı təmsil edən Timoti Şerry bayram edib (599 xal).

Bu növdə kişilərin komanda yarışına gəlincə, Norveç birinci, Polşa ikinci, İsveçrə üçüncü olub.

Qadınların yarışında qızıl medal qazanan Polşa təmsilçisi Karolina Romançik 593 xalla ilk pilləyə yiyələnib. İkinci yeri 592 xalla İsveçrədən olan Silviya Quiqnard Şnider tutub. Fransa atıcısı Aqat Sesil Kamille Qirard isə 592 xalla bürünc medalın sevincini yaşayıb.

Bu növdə qadınların komanda yarışında İsveçrə birinci, Norveç ikinci ikinci, Almaniya üçüncü olub.