
Açılış oyununda heç-heçə
Azərbaycan Premyer Liqasının XXXI turunun açılış oyununda "Araz-Naxçıvan" "Turan Tovuz"la heç-heçəyə razılaşıb.
Sportlife.az xəbər verir ki, “Liv Bona Dea Arena” baş tutan görüşdə tərəflər hərəyə 1 dəfə fərqlənib.
Qarşılaşmada hesab 33-cü dəqiqədə açılıb. Qonaqların heyətində Faiq Hacıyev dəqiq zərbə müəllifi olub. Meydan sahiblərinin cavab qolu 53-cü dəqiqədə gəlib. Burkina Fasodan olan mərkəz müdafiəçisi İssuf Paro rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib.
Naxçıvan təmsilçisi matçı azlıqda başa vurub. 77-ci dəqiqədə braziliyalı Vanderson Melu 2-ci sarı vərəqənin ardından qırmızı vərəqə ilə cəzalanaraq meydandan qovulub.
“Araz-Naxçıvan” turnir cədvəlində 53 xalla 3-cü pillədə yer alıb. 4-cü olan “Turan-Tovuz”un 48 xalı var.
Qeyd edək ki, tura aprelin 20-də yekun vurulacaq.