
Azər Bağırov: "Güclə sevgi olmur"
"Kəpəz" Azərbaycan Premyer Liqasının XXXII turunda Tovuz şəhər stadionunda "Zirə"yə 0:1 hesabı ilə məğlub olub.
Sportlife.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Köklü komandaya qarşı oynadıq. Yaxşı mübarizə apardıq. Qol epizodlarını dəyərdəndirə bilmədik. Qol üçün ustalıq, incə məqamlar çatmır. Bu gün uşaqlardan razıyıq.
- "Zirə"dən xal ala, bu komandaya hətta qol da vura bilməmisiniz. Sizcə, bunun səbəbi nədir?
- Səbəbi deyə bimərəm. Fürsət varsa, qol epizodları yaranırsa, bu, məşqçi işidir. Realizə yoxdursa, ustalıqla bağlıdır. Qol epizodlarımız oldu. Məşqdə də bunun üzərində işləyirik.
- Hakimlərlə bağlı fikriniz necədir?
- Hakimlərdən çox danışmaq istəmirəm. Amma bir hakim ki, deyirsə, əlini aşağı sal... Söhbət 4-cü hakimdən gedir. Mənim üçün böyük sualdır. Mənə necə deyə bilərsən ki, əlini aşağı sal?
- Növbəti mövsümün planlarını cızmağa başlamısınız?
- Bu barədə heç bir cavabım yoxdur. Sponspor gəlməlidir, hələ büdcə bilinmir.
- Rumıniya mətbuatının yazdığına görə, "Kəpəz" baş məşqçi postuna Mirça Redniki gətirmək istəyir. Bu xəbərlər sizə necə təsir edir?
- Mənim boynumda missiya var. Bu gün bunu yerinə yetirirəm. Başqa məsələlərə mən baxmıram, rəhbərlik baxır. Güclə sevgi olmur ki.