Cahangirlik (?)

  • Dünən, 15:59

Lotoreya sahəsindən AFFA-nın baş katibi postuna gələn Cahaghir Fərəcullayev hansı fəaliyyəti ilə yadda qalıb? Gəlin, birlikdə nəzər salaq.

Fərəcullayev ilk həftələrində veteran futbolçulara ad günü formaları hədiyyə edərək sentimental piar kampaniyası ilə işə başladı. Ardınca isə milli futbolun inkişafı üçün deyil, şəxsi nüfuzunu gücləndirmək üçün məqsədsiz səfərlər və formal görüşlərlə gündəmə gəldi. Vəssalam...

Hələ ki, AFFA-nın inkişaf strategiyası ilə bağlı ciddi bir təşəbbüs və ya məzmunlu görüş müşahidə olunmayıb. Görünən odur ki, lotoreyanın təsadüfi nəticələri burada da öz təsirini göstərməkdədir. Fərəcullayev bu işi bacarmır!

Çünki futbol idarəçiliyi ilə lotoreya sektoru tamamilə əlaqəsiz sahələrdir. Biri şansa və təsadüfə əsaslanır, digəri isə struktur, təcrübə və bilik tələb edir. Rövşən Nəcəf, bu təyinat futbol ekosistemini korlamırmı?

Cahangir Fərəcullayev AFFA-da bütün hakimiyyəti ələ alıb və bu istiqamətdə işləri davam etdirir. Sərxan Hacıyev icraçı vitse-prezident olsa da, onun fəaliyyəti baş katib tərəfindən məhdudlaşdırılıb. Fərəcullayev İcraiyyə Komitəsinin iclasında verdiyi iddialı açıqlamarla da bunu açıq şəkildə hiss etdirmişdi. Görək futbol hakimiyyətinin bu cür mərkəzləşdirilməsi Azərbaycan futbolu üçün nə qədər faydalı olacaq?

AFFA-da əsas söz sahibinə çevrilən Cahangir bəy, deyəsən, öz gücünü mətbuata da göstərmək istəyir. Eşitdiyimizə görə, buna müəyyən cəhdləri də olub. Lakin bu "cahangirlik" ona fayda verməz. Bizdən demək...

Cahangir bəyin "cahangirlik" cəhdləri bəlkə də özünə fayda gətirə bilər, amma futbol ictimaiyyəti bunu qəbul edəcəkmi?

Mirələm HƏSƏNLİ 


Paylaş: